"Zaminbank"ın vəzifəli şəxslərinə şərti cəza verildi

  • 15 Noyabr, 2019 15:09

Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaminbank"ın vəzifəli şəxsləri - Şahin İlyasov, Anar Osmanov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Finans.az" xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib.

Qeyd edək ki, dövlət ittihamçısı Ş.İlyasovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini və onun barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini təklif etmişdi.

Prokuror digər təqsirləndirilənlərə 5 il şərti azadlıqdan məhrumetmə cəzası verilməsini istəmişdi.

Təqsirləndirilən Şahin İlyasov "Zaminbank"ın "Sumqayıt" filialının müdiri, Anar Osmanov Xəzinə şöbəsinin müdiri, Anar Həsənov isə bankın Kredit şöbəsinin əməkdaşı, Zərifə Abıyeva da bankın əməkdaşı olub.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəməkdə təqsirləndirilirlər.

Təqsirləndirilən şəxslər, ümumilikdə, banka 1 milyon 337 min manat ziyan vurmaqda təqsirləndirilirlər. Məhkəmədə həmin məbləğin ödənildiyi bildirilib.

Bankın nümayəndəsi məhkəmədə bildirib ki, ödənilən 1 milyon 337 min manat faiz borcları ilə birlikdə hesablanıb və istintaq belə qənaətə gəlib ki, zərər tam ödənilib. Amma müqavilə öhdəlikləri üzrə hələ də borc qalır.

Təqsirləndirilənlər barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.


Mənbə: report.az