YTP-nin Akselerasiya proqramının qalibləri bəlli oldu

  • 7 Noyabr, 2018 11:10
YTP-nin Akselerasiya proqramının qalibləri bəlli oldu

Yüksək Texnologiyalar Parkı (YTP) yerli startuplar üçün Silikon vadisində təşkil etdiyi görüşlər zamanı “FastTrack” Akselerasiya proqramının qaliblərini elan etdi.

“Finans.az” rəsmi məlumata istinadən xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının reallaşdırdığı ABŞ İnnovasiya Mübadilə Proqramı (USA Innovation Exchange Program) zamanı Silikon vadisində keçirilən görüşlərdən sonra Yüksək Texnologiya Parkının həyata keçirdiyi “Fast Track” akselerasiya proqramının qalibləri elan olunublar və onlara proqramda iştirak haqqı verən sertifikatlar təqdim edilib.

Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli qeyd edib ki, qaliblərin məhz “Apple” şirkətinin baş ofisində elan olunması rəmzi xarakter daşıyır, bir zamanlar startup və ideya olan Apple şirkəti bugün 1 trilyon dollar dəyər ilə dünyanın ən böyük şirkətidir. "Biz istədik ki, Azərbaycan startupları bu uğuru, miqyası və real nəticəni əyani görüb hiss etsinlər və layihələrinə inamları daha da artsın".

“FastTrack” dövlət qurumu tərəfindən həyata keçirilən ilk akselerasiya proqramıdır. Bu proqramın qalibi olmuş startup layihələr 4 ay boyunca müxtəlif texniki, maddi, hüquqi, maliyyə xidmətləri alacaq, dövlət və özəl sektor qurumları ilə müqavilələrin imzalanması və satışlarının həyata keçirilməsi üçün dəstək alacaqlar. Proqramın son mərhələsində isə seçilmiş layihələrə investisiya cəlb olunmasına köməklik göstəriləcək. “Fast Track” proqramının münsifləri və mentorları ABŞ, İsrail, Polşa, Türkiyə və Rusiyadandır.

“Fast Track” Akselerasiya proqramının qalibləri:

1. Tap2Doc
2. Data Forest
3. IGREX
4. Onbrach
5. Healthy Living

“Golden ticket” almış layihələr isə:

1. Buglance

2. KeepFace