Yerli şirkət səhmlərini 3 dəfə baha dəyərlə geri alacaq

  • 27 Sentyabr, 2019 11:44
Yerli şirkət səhmlərini 3 dəfə baha dəyərlə geri alacaq

"Zaqatala Məişət Tikinti” QSC qiymətli kağızlarını dövriyyədən çıxararaq ləğv edir.

"Finans.az" xəbər verir ki, qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsinin səbəbi qapalı səhmdar cəmiyyətinin yenidən təşkil edilərək məhdud məsuliyyətli cəmiyyətə çevrilməsidir.

Ləğv olunan qiymətli kağızlar dövlət qeydiyyat nömrəsi 576 olan sənədsiz, adi, adlı səhmlərdir. Belə ki, dövriyyədən nominal dəyəri 2 manat olan 24 428 səhm çıxarılacaq. Qiymətli kağızların geri satın alınmasının başlanma və başa çatma tarixi 2019-cu il sentyabrın 30-dan oktyabrın 20-dəkdir. Qiymətli kağızların geri satın alınmasının şərtləri (qiymətli kağızların geri satın alınma dəyərinin ödənilməsi qaydası və sair ) yeni yaradılan məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı olmaq istəyən səhmdarlara məxsus müvafiq qaydada paylara çevrilmiş 23961 ədəd səhmin və yerdə qalan 467 ədəd səhmin qiymətləndiricinin hesabatına əsasən 1 səhm 6.95 manat olmaqla müəyyən dəyəri onların sahibi olan səhmdarların müraciətlərinə əsasən nağd şəkildə və yaxud göstərdikləri bank hesabına köçürülməklə ləğvetmə komissiyası tərəfindən ödəniləcək. Qiymətli kağızların geri satın alınmasının başlanma və başaçatma tarixləri arasında müraciət etməyən səhmdarlar malik olduqları səhmlərə uyğun ləğvetmə payını QSC-nin hüquqi varisi olan MMC-yə müraciət etməklə ala bilərlər.