Xidməti müqavilə ilə işləyənlər üçün vergidəki dəyişikliklər nə vəd edir? - ŞƏRH

  • 4 Dekabr, 2018 12:52
Xidməti müqavilə ilə işləyənlər üçün vergidəki dəyişikliklər nə vəd edir? - ŞƏRH

İqtisadçı-ekspert Vüqar Bayramov Vergi Məcəlləsindəki dəyişikliklərin mülki hüquqi müqavilə ilə fəaliyyət göstərən işçilərə təsirindən danışıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikasının “Vergi Məcəlləsi”nə edilən dəyişiklərin mülki hüquqi müqavilə (xidməti müqavilə) ilə fəaliyyət göstərən əmək bazarı iştirakçıları üçün nə vəd etdiyini araşdırıb.

Yeni qaydalara əsasən, Vergi məcələsinə artıq qəbul edilmiş dəyişiklərlə VÖEN-i olan vətəndaşların sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlər sadələşdirilmiş vergi predmeti hesab edilməyəcək. Beləliklə, növbəti ildən etibarən həmin şəxslər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən şəxslər üzrə gəlir vergisi ödəyicisi hesab ediləcək. Nəzərə alsaq ki, Vergi Məcəlləsinin 101.3 maddəsi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün 20% gəlir vergisi müəyyən edir, dəyişiklərə əsasən xidməti müqavilə ilə işləyənlər 2019-cu ilin əvvəlindən etibarən 20% vergi ödəyəcək.

"Finans.az" xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov bununla bağlı 2 əsas məqama diqqət etmək lazım olduğunu deyib:

1. Vergi Məcəlləsinin 96-cı maddəsinin birinci bəndinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün xərcləri (Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ) arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

2. Yeni dəyişiklərə əsasən Məcəlləyə əlavə edilən 102.1.30 maddə mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlann sahibkarlıq fəaliyyətindən gəlirinin 75%-ni vergidən azad edir.

Ekspert bildirib ki, yuxarıda qeyd edilən vergi ödəyicilərinin vergi borcu bu 2 məqam nəzərə alınmaqla aşağıdakı düstur əsasında hesablanacaq.

Vergi öhdəliyi = (İllik gəlirlər – İllik xərclər) x 0.25 x 0.2

Ekspertin sözlərinə görə, xüsusi ilə də aylıq əmək haqqı ödənişlərinin xidməti müqavilələrlə əvəzləndiyi əksər hallarda vergi ödəyicinin hər hansı xərci olmayacaq ki, nəticədə vergi öhdəliyi yuxarıdakı düstura uyğun olaraq lakin xərc maddəsində “sıfır manat” olmaqla aparılacaq:
"Başqa sözlə yuxarıda bəhs etdiyimiz 20% vergi dərəcəsi xidmət haqqının yerdə qalan 25%-lik hissəsinə tətbiq ediləcək. Nəticədə, xidməti müqavilə ilə işləyənlərlərin böyük çoxluğu xidmət haqqının ümumilikdə 5%-i həcmində vergi ödəyəcəkdir. Hazırda isə bu qrupa daxil olan çalışanlar Bakı şəhərində sadələşdirilmiş vergi ödəyicisi statusu ilə xidmət haqqının 4%-i, digər şəhər və regionlarda və NM Respublikasında 2% vergi ödəyirdilər".

Müqayisə üçün:

Hazırda hesabına 500 manat məbləğində xidmət haqqı daxil olmuş çalışan Bakı şəhərində fəaliyyət göstərdiyi halda 20 manat, regionlarda fəaliyyət göstərdiyi halda isə 10 manat məbləğində sadələşdirilimiş vergi ödəyirdi. Növbəti ildə isə bu şəxslər fəaliyyət göstərdiyi yerdən asılı olmayaraq 25 manat vergi ödəyəcəklər. Belə ki, paytaxda fəaliyyət göstərənlər aylıq vergi xərci 25%, regionlarda fəaliyyət göstərənlər üçün isə 1.5 dəfə artacaq.
Qeyd: yuxarıdakı hesablamalar xərc maddəsi sıfır manat olduğu hal üçün hesablanıb.

Ekspert “Vergi Məcəlləsi”nə edilən dəyişiklərin mülki hüquqi müqavilə (xidməti müqavilə) ilə fəaliyyət göstərən əmək bazarı iştirakçıları üçün üstün və zəif tərəflərini deyib:

İqtisadçı-ekspert Vüqar Bayramov

Üstün cəhətlərdən biri odur ki, yuxarıda qeyd edilən kateqoriyaya daxil və faktiki mənfəəti olmayan şəxslər vergi ödəməyəcəklər. Hazırda isə sadələşdirilmiş vergi mexanizmi subyektin xalis gəlirini və yaxud mənfəətinin nəzərə almadan tətbiq edilir. Zəif tərəfi isə, yeni dəyişiklərdən göründüyü kimi vergi ödəyicisi olaraq qeydiyyata alınmış və xidməti müqavilə əsasında regionlarda (əmək haqqı alan, xərc maddəsi sıfır manat olan) işləyənlər üçün 3% bəndi (mövcud 2%-dən 5%-ə), Bakı şəhərində işləyənlər üçün isə 1% bəndi (mövcud 4%-dən 5%-ə) artacaq. Digər kateqoriyaya daxil olan, yəni xərc maddəsi sıfır manat olmayan sahibkarlıq subyektləri üçün isə mühasibatlıq işləri ciddi səviyyədə artacaqdır.