Xarici ekspert: "Bu faktor "Şimal-Cənub"u meqa layihəyə çevirir" - ŞƏRH

  • 5 Noyabr, 2019 13:19
Xarici ekspert:

Azərbaycan bir sıra mühüm regional nəqliyyat layihələrində iştirak edir.

Bunlardan biri də Hindistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsidir.

Bəs "Şimal-Cənub"u digər marşrutlardan fərqləndirən nədir və onun reallaşması Azərbaycana nə vəd edir?

"Finans.az" xəbər verir ki, məsələni şərh edən rusiyalı ekspert İvan Pyatibratov Azərbaycanın artıq region üçün vacib nəqliyyat habına çevrildiyini vurğulayıb:

"Logistika nöqteyi nəzərindən Rusiyadan Hindistana yüklərin daşınmasının mövcud növləri ilə müqayisədə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin mühüm üstünlüyü yüklərin operativ daşınmasındadır. Belə ki, Suveş kanalından keçən marşrut üzrə yüklər iki dəfə gec çatdırılır. Çatdırılma daha çox vaxt aldığından həm də daha baha başa gəlir.

Digər tərəfdən, "Şimal-Cənub" nəqliyyat dəhlizi ənənəvi dəniz marşrutundan fərqli ölkələrin infrastrukturunu cəlb edəcək. Bu isə öz növbəsində Rusiya, Qazaxstan, Azərbaycan, Özbəkistan, Türkmənistan İran və Hindistan kimi ölkələrin iqtisadi və siyasi əlaqələrini gücləndirir. Belə ki, onlar hamısı bir ekosistemin iştirakçilarına çevrilirlər. Məhz bu faktor "Şimal-Cənub"u sadəcə dəhliz olmaqdan çıxarmaqla, geosiyasi əhəmiyyətli meqa layihəyə çevirir".

Rusiyalı ekspert İvan Pyatibratov

“Azərbaycanın çoxsaylı iqtisadi maraqların kəsişməsində olmaq statusu getdikcə daha da artacaq”.


"Qlobal layihə olan "Şimal-Cənub"un bir hissəsi olan Astara-Rəşt-Qəzvində Azərbaycanın iştirakı gəlincə bununla ölkə ərazisindən keçən iqtisadi axınların cəmləşməsini artırır. Bu isə öz növbəsində Azərbaycanın investisiyalar üçün cəlbediciliyini və iqtisadi rifah səviyyəsini artırmış olur. İqtisadi bonuslar isə özü ilə mütləq siyasi dividentlər gətirəcək. Azərbaycanın çoxsaylı iqtisadi maraqların kəsişməsində olmaq statusu getdikcə daha da artacaq. O, artıq region üçün vacib nəqliyyat habına çevrilib. Loqistika infrastrukturu öz növbəsində vacib geosiyasi faktordur və bu layihədə iştirak edənlər digər sferalarda da öz hərəkətlərini koordinasiya edirlər",- ekspert əlavə edib.

Xatırladaq ki, Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub vasitəsilə 14-20 gün olması gözlənilir.

Azərbaycan "Şimal-Cənub" layihəsinə 2005-ci ildə qatılıb və dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlər artıq yekunlaşıb. Belə ki, Azərbaycanın Astara stansiyası ilə İranın Astara stansiyası arasında 9,7 km dəmir yolu xətti və iki ölkə sərhədində 82,5 m uzunluğu olan körpü inşa edilib. “Azərbaycan Dəmir Yolları” QSC həmçinin İran ərazisində 35 hektar ərazidə yük terminalı inşa edərək onu 25 illik müddətə və sərhəddən terminaladək tikdirdiyi 1,4 km uzunluğunda dəmir yolunu 15 illik müddətə icarəyə götürüb. Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yük daşıma həcmi, birinci mərhələdə - 3 milyon ton, ikinci mərhələdə - 5-8 milyon ton, üçüncü mərhələdə - 15 milyon ton təşkil edəcək.



Mənbə: report.az