Xalid əl Falih: OPEC və OPEC+ ölkələri hasilatı azaltmaqla bağlı sazişin uzadılmasına tərəfdardır

  • 10 İyun, 2019 16:33
Xalid əl Falih: OPEC və OPEC+ ölkələri hasilatı azaltmaqla bağlı sazişin uzadılmasına tərəfdardır

OPEC və qeyri-OPEC ölkələrinin az qala hamısı neft hasilatının azaldılmasına dair Əməkdaşlıq Bəyannaməsinin müddətini daha 6 ay uzatmağa razıdır.

“Finans.az” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın enerji, sənaye və təbii sərvətlər naziri Xalid əl Falih “TASS”a müsahibəsində bildirib.

“İraqın neft naziri (Tamir əl Qabdan) bunu ictimaiyyət üçün də açıqlayıb, özəl söhbətimiz zamanı da təsdiq edib. OPEC+ sazişinə qoşulmuş BƏƏ, Küveyt kimi böyük hasilatçılar, həmçinin Oman, Qazaxıstan, Azərbaycan kimi qeyri-OPEC ölkələri sazişin müddətini uzatmağı dəstəkləyir”,- deyən nazir sözügedən məsələyə dair qərarını verməyən yeganə ölkənin OPEC+ iştirakçıları arasında ən böyük neft hasilatçısı Rusiya olduğunu, bu ölkənin energetika naziri Aleksandr Novakla üç həftə sonra keçiriləcək görüş zamanı məsələni müzakirə edəcəklərini qeyd edib.

Nazir OPEC ölkələri arasında ən böyük hasilatçı ölkə kimi hasilatı azaltmaq barədə sazişə əməl etməkdə ilk gündən qalanlar üçün nümunə göstərdiklərini dilə gətirib:“Rusiya, İraq, Qazaxıstan, Birləşmiş Əmirliklər kimi mühüm iştirakçıların da qalan iştirakçı ölkələrə nümunə göstərəcəklərini gözləyirəm. Ötən il iyun ayında məhdudiyyətləri zəiflətməyimizədək Rusiya da 2017-2018-ci illər ərzində hasilatı azaltmaqla bağlı razılaşmalara dəqiq əməl edirdi, 2019-cu ildə buna qayıdacaqlarına inanıram. May-iyun aylarında icranın vəziyyəti yaxşı olub. Sazişin uzadılması rəsmi olaraq imzalandıqdan sonra Rusiyanın ilin sonunadək öhdəliyə əməl edəcəyinə ümidvaram. Rusiyanın bir çox şirkətləri, o cümlədən “LUKoil”un rəhbəri Vahid Ələkbərov tərəfindən həmrəy mənalı bəyanatlar eşitmişəm. Odur ki, əməkdaşlığın üstünlükləri göz qabağındadır. Rusiyanın hasilatı cəmi 2 faiz azaltması sabitlik və mühüm artım deməkdir. Bundan sonra nazir Novakla keçirdiyim görüşlərdən eyni qənaətə gəlmişəm, yəni bazar izlənilməlidir, onu sabitliyə yönləndirdiyimizə əmin olmalıyıq. Məncə, Rusiya tərəfinin də sanksiyalar nəticəsində Venesuela və İranın ixracatına təsir olmasına, bazarın itirdiyi neft həcmi barədə çox mübahisəyə səbəb olub-olmayacağına dair sualları var. Bazarı izləməyə davam edəcəyimizlə bağlı razılaşdıq”,- deyə X.Falih qeyd edib.

Xatırladaq ki, 2016-cı ilin noyabr ayında OPEC+ formatının iştirakçı ölkələri gündəlik neft hasilatını həmin ilin oktyabr ayı səviyyəsinə nisbətən 1,8 mln. barel azaltmaqla bağlı razılığa gəliblər. Ötən il iyun ayında isə ABŞ-ın İrana qarşı sanksiya tətbiqi ərəfəsində qiymətlərin sürətlə artdığı bir vaxtda gündəlik hasılatı 1 mln. barel artırmaq qərarı verilsə də, ABŞ tərəfindən İran neftinin iri idxalçılara möhlət verməsindən sonra 2019-cu ilin I yarısı üçün gündəlik hasilatı 2018-ci ilin oktyabr ayına nisbətən 1,2 mln. barel azaltmaq (OPEC ölkələri 812 min barel, qeyri-OPEC ölkələri 383 min barel) razılığı əldə olundu. Bu il OPEC+ nazirlərinin Vyana görüşündə sözügedən razılaşmanın bundan sonrakı vəziyyəti müzakirə olunacaq.

Neft hasilatının azaldılmasına dair razılaşmada iştirak edən OPEC+ ölkələri cari ilin mart ayının nəticələrinə görə şərtləri 139%, aprel ayının nəticələrinə görə isə 168% səviyyəsində yerinə yetiriblər. Azərbaycan isə sözügedən razılaşma çərçivəsindəki öhdəliklərini 130% yerinə yetirib.


Mənbə: report.az