Vəkil: "Layihələndirmə şirkətlərinin verdiyi sənəd ev tikintisi üçün hüquqi əsas vermir"

  • 25 Dekabr, 2019 17:31
Vəkil:

Qanunsuz, sənədsiz tikililər problemi zaman-zaman cəmiyyətdə müzakirə olunan ən aktual mövzulardan biridir.

Vətəndaşlar xüsusi mühafizə zolağında, yaxud kommunikasiya xətlərinin keçdiyi ərazilərdə evlər tikir. Əksər hallarda bu evlərin heç bir sənədi olmur. Bəzən isə hansısa şirkətin hazırladığı sənəd əsas götürülərək ev tikilir. Bu məsələdə vətəndaşların məlumatsızlığı da problem yaradır. Belə ki, ev tikmək üçün bir neçə sənəd tələb olunduğu halda bir sənədlə vətəndaş ev tikdirir və nəticədə həmin sənədin heç bir hüquqi qüvvəsinin olmadığı üzə çıxır.

"Finans.az" xəbər verir ki, tikinti sahəsi üzrə ekspert, vəkil Vamiq Şükürovun sözlərinə görə, layihə smeta bürolarının vətəndaşlara verdiyi sənəd sadəcə olaraq fərdi yaşayış sahəsi tikmək üçün qanunvericiliklə tələb olunan sənədlərdən biridir: “Tikinti və Şəhərsalma Məcəlləsi tələb edir ki, fərdi yaşayış sahəsi tikilməmişdən əvvəl digər sənədlərlə birlikdə həmin evin layihəsi çəkilməlidir. Bu layihəni də Fövqəlada Hallar Nazirliyindən lisenziya alan layihələndirmə şirkəti verməli və təsdiq etməlidir. Vətəndaş torpağın mülkiyyət sənədini, notarial qaydada təsdiq olunmuş “kupça”sını, şəxsiyyət vəsiqəsini həmin layihə ilə birlikdə ərizəyə əlavə edib, aidiyyatı üzrə Rayon İcra Hakimiyyətinə göndərməlidir. İcra Hakimiyyəti də həmin ərizəyə, layihəyə baxıb, onun sənədlərinin qaydasında olub-olmadığını yoxlamalıdır. Yəni ki, İcra Hakimiyyəti torpağın “kupça”sı varsa, layihə tikinti standartlarına uyğundursa layihələndirmə sənədlərinə baxıb fikir bildirir, uyğunluğu müəyyənləşdirir. Əgər sənədlər uyğundursa, digər sənədlər də yerindədirsə, İcra Hakimiyyəti irad tutmursa, qanuna əsasən, 15 gün ərzində vətəndaş tikintini həyata keçirə bilər. Tikinti həyata keçirildikdən sonra isə bu sənədlərlə “kupça” ala bilər. Yəni bu sənədin mahiyyəti bundan ibarətdir”.

Vəkil Vamiq Şükürov

"Layihələndirmə sənədidir tikintini həyata keçirmək üçün qanunda tələb edilən sənədlərdən sadəcə biridir, “kupça” sayılmır".

Vəkil qeyd edib ki, layihəndirmə şirkətlərinin verdiyi sənəd ev tikintisi üçün hüquqi əsas vermir:

“Bu sadəcə olaraq tikintini həyata keçirmək üçün qanunda tələb edilən sənədlərdən biridir, sadəcə olaraq layihələndirmə sənədidir, “kupça” sayılmır”.


Mənbə: report.az