"VAZ" və "Hyundai" avtomobilləri 2300 manatdan başlayaraq satışa çıxarılır - QİYMƏTLƏR

  • 5 Avqust, 2019 15:14

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 3 sentyabr tarixində keçiriləcək.

"Finans.az" Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, ayın ilk hərracına 55 dövlət əmlakı çıxarılıb. Onlar arasında səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhm paketləri, eləcə də nəqliyyat vasitələri var. Elan edilən bu hərraca çıxarılan səhmdar cəmiyyətləri Yevlax, İsmayıllı, Goranboy kimi şəhər və rayonlarda yerləşir. Sərmayəçilər “Biləsuvar Broyler”, “Ağdaş Quşçuluq”, “Zərdab Aqrotexservis” kimi dövlət müəssisələrinin 30% ilə 45% arasında olan səhm paketlərinin özəlləşməsinə qoşula bilər. Hərraca çıxarılan səhmdar cəmiyyətlərindən biri Qax şəhəri, Ü.Hacıbəyov küçəsindəki “Qax Taxıl” adlı dövlət müəssisəsidir. Taxıl məhsullarının tədarükü, emalı və satışı üzrə fəaliyyət göstərəm müəssisənin torpaq sahəsi 84.9 min kv.m, tikili sahəsi isə 22.6 min kv.m-dir. Səhmdar cəmiyyətinin ərazisində idarə binası, yeməkxana, qarğıdalı quruducu sexləri, çörək sexi, un dəyirmanı, müxtəlif təyinatlı anbarlar və digər tikililər var.

Avtomobil sahibi olmaq istəyən şəxslərin budəfəki hərracda geniş seçim imkanları var. Belə ki, buraxılış tarixi 2006-2008 olan nəqliyyat vasitələri VAZ, Qaz və Hyundai markalarına aiddir. Avtomobillərin qiymətləri ilə buradan tanış ola bilərsiniz.

Özəlləşməyə çıxarılan dövlət əmlakları üzrə hərracda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Qeyd edək ki, keçirilən hərraclara sifarişçilərlə yanaşı, digər şəxslər də həm onlayn, həm də məkana gəlməklə qoşula bilər. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron hərrac xidmətinə (https://e-emdk.gov.az/eHerrac) daxil olmaq kifayətdir.