Ukraynada daşınan vaqon çənlərindən yanacağı kim oğurlayır?

  • 11 Sentyabr, 2018 13:15
Ukraynada daşınan vaqon çənlərindən yanacağı kim oğurlayır?

Ukrayna dəmir yolları vasitəsilə daşınan hər çəndən bir neçə yüz litrdən 10 tona qədər dizel yanacağı itir.

“Finans.az”ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, “Ukrzaliznitsa”da hələlik bu yanacağın hara getdiyini müəyyən edə bilməyiblər. Bu barədə “Yevro-patrul” ictimai şirkətinin eksperti Vyaçeslav Konovalov bildirib.

Onun sözlərinə görə, çəndə 60 ton yanacaq olur: “Son zamanlar bir çəndən on tona qədər yanacağın mütəmadi oğurlanması halları qeydə alınıb. “Ukrzaliznitsa”da boyun qaçırırlar və guya heç nə bilmirlər. Formal olaraq bütün klapanlar blomblanıb. Bazarın operatorları hesablayıblar ki, 2017-ci ildə yanacağın yoxa çıxmasına görə 300 milyon qriven ziyan qeydə alınıb”.

V. Konovalov əlavə edib ki, bazar operatorlarının məlumatına əsasən, çox vaxt yanacaq dolu çənlərdən bir neçə yüz litrə qədər yanacaq oğurlanır.

“10 ton maksimumdur. Çox vaxt sakitcə hər çəndən bir az-bir az olmaqla ümumilikdə bir neçə yüz litr yanacaq oğurlanır. 2018-ci ildə bazar operatorları xoşagəlməz hadisə nəticəsində 170-180 milyon qriven ziyan dəydiyini hesablayıblar”, - deyə mütəxəssis bildirib.

V. Kanavalov qeyd edib ki, çənlərdə mövcud reqlamentə görə ancaq yuxarı klapanları blomblayırlar. Bununla belə məhz burdan da yanacağın çəkilməsi halı qeydə alınıb. Orada aşağı, köməkçi klapanlar da mövcuddur. Onlar isə o qədər də möhkəm deyil və çox rahat şəkildə yanacağı oğurlamaq mümkündür. Məsələ də elə burasındadır ki, ancaq yuxarı klapanlar blomblanır, aşağı və kənar, yan klapanlar isə kiçik və köməkçi olduğundan blomblanmır.

Yeri gəlmişkən, sentyabrın 10-da Ukraynanın infrastruktur və nəqliyyat naziri V. Omelyan brifinqdə bildirib ki, nazirlik dəmir yolları ilə nəql edilən çənlərdən kimlərin oğurluq etdiyini müəyyən etmək niyyətindədir.

Nazir bildirib ki, onlar “Ukrzaliznitsa”ya çənlərin tam həcmdə blomblanması ilə bağlı təkliflərin hazırlanması tələbini irəli sürüblər: “Biznes, iri treyderlər və orta şirkətlərdən daşınma zamanı yanacağın oğurlanması hallarının artması ilə bağlı bildirişlər daxil olub. Biz bunun hansı səviyyədə edildiyini və səbəblərini bilmək istəyirik. Artıq işçi qrupu bununla məşğuldir”.

Xatırladaq ki, “Anvitreyd”, WOG, OKKO və SOCAR-da hesab edirlər ki, yanacaq itkiləri minlərlə ton təşkil edir. Bunu əsas gətirən şirkətlərin nazir Omelyan və “Ukrzaliznitsa”nın rəhbəri Kravtsovu vəziyyəti dəyişdirməyi xahiş etdiyi bildirilir. Mütəxəssislərin fikrincə, Ukryna dəmir yolları ilə daşınan 300 kq-dən 10,5 tona qədər dizel yanacağı nəzərdə tutulan məntəqəyə qədər çatmır. Qeyd edək ki, “Anvitreyd” şirkəti Ukraynanın İndrastruktur və Nəqliyyat Nazirliyinin, eləcə də “Ukrzaliznitsa” şirkətinin rəhbərliklərinə ünvanladığı məktubda qeyd edib ki, mütəmadi olaraq açıq neft məhsullarının daşınması üçün 6800 ədəd dəmir yolu vaqon çənləri istifadədir.