Uşaq pulu bu formada verilə bilər - EKSPERT

  • 11 Sentyabr, 2019 11:46
Uşaq pulu bu formada verilə bilər - EKSPERT

Uşaq pulu ilə bağlı müzakirələr gündəmin vacib xəbərlərindən biri olaraq qalmaqdadır.

Rəsmi açıqlamalarda daha çox sosial qayğıya ehtiyacı olanlara birbaşa ödənişin həyata keçirilməsi vacib hesab olunur.

"Finans.az" xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) bu sahədə fərqli ölkələrin təcrübəsini öyrəndiyi üçün Azərbaycanda İtaliya modelinin tətbiqini daha məqəsədəuyğun hesab edir: "Belə ki, bəzi ölkələrdə uşaq pulunun məbləği ailənin gəlirlik səviyyəsinə uyğunlaşdırılır. Məsələn, İtaliyada illik gəliri 11 422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avo ödənilir. Ailənin gəliri artdıqca uşaq pulu məbləği dəyişir. İtaliyada qanunla müəyyənləşdirilmiş həddən az gəliri olanlara uşaq pulu verilir ki, bu da onların sosial təminatının gücləndirilməsi baxımdan vacibdir. Aydındır ki, Azərbaycanda 4 min manat aylıq gəliri olan üçün 100 manat uşaq pulu ciddi rəqəm hesab olunmaya bilər, amma 400 manat qazanan ailə üçün bu əhəmiyyətli dəstəkdir. Yəni, imkanlı ailənin uşaq puluna ciddi ehtiyacının olmaması gəliri az olanların bu imkandan faydalanmasına əngəl olmamalıdır. Bu baxımdan, İtaliya modelində olduğu kimi gəliri az olan ailələrin uşaqlarının sayına görə uşaq pulu alması daha məqsədəuyğn hesab oluna bilər".

Ekspert əlavə edib ki, bunun üçün Azərbaycanda gəlirlərin deklarasiyası haqqında qanunun qəbul edilməsinə ehtiyac var: "Kimin varli və kimin kasıb olduğunu müəyyənləşdirmək üçün dövlət qulluqçuları daxil olmaqla hamının gəlirlərini bəyan etməsi vacibdir. Bu həm də şəffaflığın gücləndirilməsi baxımından da çox vacibdir. Bu zaman artıq sosial qayğıya və ya uşaq puluna ehtiyacı olan ailələri müəyyənləşdirmək mümkündür".

"İkinci mərhələdə isə az gəliri olan ailələrə uşaqların sayına uyğun olaraq uşaq pulu formasında birbaşa ödəniş etmək mümkündür. Bu həmin ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımdan vacib hesab oluna bilər", - deyə ekspert vurğulayıb.

İqtisadçı-ekspert Vüqar Bayramov

Bu baxımdan, uşaq pulunun bərpasında İtaliya modelinin tətbiq edilməsi həm ailələrin gəlirlərinin müəyyənləşdirilməsinə, həm da gəliri az olan ailələrin uşaq pulundan faydalanmasına imkan verəcək. Qeyd edək ki, bu mexanizm ünvanlı sosial yardım ilə eyni deyil və birbaşa uşaq sayına hesablanmış modeldir. CESD-nin ilkin qiymətləndirilmələrinə görə, bu modelin tətbiq edilməsi ildə 800 milyon manata yaxın xərc tələb edəcək. Bu büdcə üçün ciddi maliyyə yükü yaratmamaqla istehlak bazarında qiymət tarazlığını da pozmayacaq.