UEFA Avropa Liqasının finalı üçün 12 628 əcnəbiyə “ASAN Viza” verilib

  • 4 İyun, 2019 17:41
UEFA Avropa Liqasının finalı üçün 12 628 əcnəbiyə “ASAN Viza” verilib

UEFA Avropa liqasının finalında İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında Bakıda keçirilən oyuna baxmaq üçün ümumi ziyarətçilər içərisindən viza almaq ehtiyacına malik olan 12 628 əcnəbi vətəndaş “ASAN Viza” sistemi vasitəsilə viza əldə edib.

"Finans.az" xəbər verir ki, Prosesin rahat və daha tez olması məqsədilə Agentlik tərəfindən öncədən “ASAN Viza” sistemində təkmilləşdirmə və optimallaşdırma işləri həyata keçirilib. Belə ki, Azərbaycana viza məqsədi ilə onlayn qaydada müraciət edənlər üçün www.evisa.gov.az portalına “Europa League Final” seçimi əlavə edilərək həm finala gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin rahat viza əldə etmələri təmin edilib, həm də statistik hesabatların və təhlillərin düzgün aparılması yerinə yetirilib.

Hazırlıqlar ərəfəsində həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanında “ASAN Viza” terminallarının və xidmət pəncərələrinin sayı iki dəfədən çox artırılaraq 44-ə çatdırılıb. Əcnəbilərin Gürcüstandan da Azərbaycana səfər edə biləcəklərini nəzərə alaraq Sınıq Körpü və Sadıxlı sərhəd keçid məntəqələrində “ASAN Viza” xidmət pəncərələrinin fəaliyyəti təmin edilib.

Eyni zamanda hava limanlarında gəliş vizalarının verilməsi proseduru xüsusi UEFA modulu vasitəsilə 2 dəqiqədən 20 saniyəyə qədər azaldılıb.

UEFA Avropa Liqası finalı üçün ölkəmizə səfər edən əcnəbilərin elektron viza haqqında məlumatlandırılmalarını təmin etmək məqsədilə AFFA, UEFA, "Çelsi", "Arsenal" və Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfirliyi ilə əməkdaşlıq aparılıb və bu istiqamətdə bir sıra işlər görülüb.

UEFA Avropa Liqasının Bakı finalında iştirak etmək üçün ”ASAN Viza“ sistemi vasitəsilə 117 fərqli ölkədən olan əcnəbi vətəndaşa viza verilib. Final oyunu üçün əldə edilən vizaların 42%-i son 10 gündə verilib.


Mənbə: report.az