Üç ayda avtomobil nəqliyyatı ilə 404 milyon sərnişin daşınıb

  • 18 Aprel, 2019 15:45
Üç ayda avtomobil nəqliyyatı ilə 404 milyon sərnişin daşınıb

2019-cu ilin yanvar-mart ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 50,9 milyon ton yük daşınıb və 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artım müşahidə olunub.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yüklərin 3,0%-i dəniz, 6,9%-i dəmir yolu, 0,1%-i hava, 59,3%-i avtomobil nəqliyyatı, 30,7%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi 2,4% artıb, daşınan yüklərin ümumi həcmində onların xüsusi çəkisi 79,0% təşkil edib.

Cari ilin yanvar-martl aylarında nəqliyyatçılar 460,7 milyon nəfərə və ya 2018-ci ilin eyni

dövrü ilə müqayisədə 1,3% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,7%-i avtomobil nəqliyyatı, 12,1%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2019-cu ilin ilk üç ayı ərzində 3,5 milyon ton yük, 717,3 min sərnişin daşınıb, 2018-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 8,2%, sərnişin daşınmasında isə 16,8% artım müşahidə olunub.

Orta hesabla sutkada 269 vaqon yüklənib, 394 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 10,4 min ton, Qərb istiqaməti üzrə 4,3 min ton, Cənub istiqaməti üzrə isə 0,5 min ton yüklənmə işi yerinə yetirilib.

Dəniz nəqliyyatı ilə bu ilin yanvar-mart aylarında daşınan yüklərin həcmi 1544,8 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,4% azalıb. Yüklərin 30,6%-ni neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 2095,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 1874,3 min tonunu və ya 89,4%-ni tranzit yüklər təşkil edib.

2019-cu il aprel ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 59,1 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınan sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 44,4% artaraq 3,9 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 30,2 milyon ton yük, 403,9 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3%1,6% artım qeydə alınıb. Sərnişinlərin 96,0%-i avtobus, 4,0%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,3%, sərnişin dövriyyəsi isə 1,7% artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 1,4% azalaraq 55,6 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 477,7 min və ya əvvəlki ilin eyni dövrünə nisbətən 0,4% çox sərnişin daşınıb, daşımaların 99,8%-i dövlət, 0,2%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 10,8% azalaraq 45,3 min tona çatıb.