Türkiyə Azərbaycan üçün yük vaqonlarının istehsalına başlayıb

  • 22 İyul, 2019 14:47
Türkiyə Azərbaycan üçün yük vaqonlarının istehsalına başlayıb

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin tabeliyindəki “Türkiye Demiryolu Makinaları Sanayi A.Ş.” (TÜDEMSAŞ) Azərbaycan üçün iki ədəd yük vaqonu prototipini istehsal edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, həmin yük vaqonları bir milyon dollar dəyərindədir.

Qurum bildirir ki, testlər uğurla həyata keçirilib və umumiyyətlə 600 vaqonun istehsalı nəzərdə tutulur.

TÜDEMSAŞ-ın Baş direktoru bildirib ki, Azərbaycanın dəmiryolu və tunel genişliyi bizimkilərdən fərqli idi: “Bu səbəbdən istehsal etdiklərimiz vaqonlar onların dəmiryollarına uyğun deyildi. Ona görə də onların istifadə etdikləri EA tipli vaqon sistemini müəssisələrimizə gətirdik. İki ölkənin dəmir yolu xəttlərində çalışması üçün iki ədəd yük vaqonu prototipini istehsal etdik. Lazımi avadanlıqlar əlavə edəcəyik və ondan sonra biz sifariş gözləyirik".

Xatırladaq ki, ümumi sifarişin məbləği 36 mln ABŞ dolları təşkil edir. Həmin vaqonların Balı-Tbilisi-Qars dəmir yolu xəttində işləyəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin uzunluğu 826 kilometrdir. Bakı-Tbilisi-Qars 30 oktyabr 2017-ci ildə istismara verilmiş dəmiryolu layihəsidir. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedir. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirir.


Mənbə: report.az