Türkiyə Azərbaycan qazının idxalını 22% artırıb

  • 29 İyun, 2020 16:21
Türkiyə Azərbaycan qazının idxalını 22% artırıb

Bu ilin yanvar-aprel aylarında Türkiyə Azərbaycandan 3 645,81 kubmetr qaz idxal edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 22% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur.

"Finans.az"ın Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsi (EPDK) tərəfindən verildiyi məlumatlar əsasında edilən hesablamalara görə, Türkiyə 2019-cu ilin yanvar-aprel aylarında Azərbaycandan 2 989,11 mln. kubmetr qaz idxal edib.

Məlumata əsasən, bu ilin aprel ayında Azərbaycan 916,57 mln. kubmetrlə Türkiyənin qaz idxalında birinci yerdə qərarlaşıb (idxalın 34,8%-i). İkinci yerdə 470,33 mln. kubmetrlə Rusiya qərarlaşıb. Aprel ayında Türkiyə İrandan qaz idxal etməyib.

Cari ilin ilk dörd ayının yekunlarına əsasən, Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur. Bu ilin yanvar-aprelində bu ölkədən Türkiyəyə 4 182,17 mln. kubmetr "mavi yanacaq" ixrac olunub. Boru kəməri vasitəsi ilə idxal üzrə üçüncü yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə2 029,21 mln. kubmetr qaz nəql edib.

Bu ilin yanvar-aprel aylarında Türkiyənin qaz idxalı 17 825,14 mln. kubmetr təşkil edib.

Qeyd edək ki, ötən il Türkiyə Azərbaycandan 9,58 mlrd. kubmetrdən artıq qaz idxal edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,2% çoxdur.


Mənbə: apa.az