Tikintiyə vərəsəlik hüququnun dövlət qeydiyyatı necə aparılır?

  • 12 İyun, 2019 12:53
Tikintiyə vərəsəlik hüququnun dövlət qeydiyyatı necə aparılır?

İstifadəçilər Əmlak Məsələləri Dövlət Komitəsinin tikintiyə vərəsəlik hüququnun dövlət qeydiyyatına alınması xidmətindən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə müraciət edə bilər.

"Finans.az" komitəyə istinadən xəbər verir ki, müraciətlər qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir.

İmtina halları və ya xidmətin göstərilməsinin dayandırılması halları aşkar edildikdə istifadəçiyə 2 (iki) iş günü müddətində bildiriş göndərilir. İstifadəçi tərəfindən təqdim edilən sənədlərdə imtina üçün əsas olmayan və aradan qaldırılması mümkün olan çatışmazlıq aşkar edildikdə bu barədə xidmətin müvafiq ərazi idarəsi istifadəçiyə 1 (bir) iş günündən gec olmayaraq yazılı məlumat verir. Çatışmazlıqlar 1 (bir) iş günündən gec olmayaraq aradan qaldırıldıqdan və bu barədə xidmətin müvafiq ərazi idarəsinə məlumat verildikdən sonra sənədlərə yenidən baxılır və müvafiq qərar qəbul edilir. Xidmətin göstərilməsi barədə qərar qəbul edildikdən sonra çıxarış hazırlanır, notarial qaydada təsdiqlənməsi və ya əslinin təqdim edilməsi tələb edilən sənədlər olduqda həmin sənədlər bilavasitə təqdim edildikdən sonra hazırlanmış çıxarış elektron qaydada istifadəçiyə təqdim edilir.

Tikintiyə vərəsəlik hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edən şəxslərdən dövlət rüsumunun və xidmət haqqının ödənilməsi barədə sənəd, şəxsiyyət vəsiqəsi, müşayiət məktubu, o cümlədən tikintiyə vərəsəlik hüququ haqqında müqavilə, hüquq əldə edənin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə, ərizə tələb olunur.

Qeyd edilməlidir ki, xidmət 10 (on) iş günü ərzində yerinə yetirilir. Dövlət rüsumu və xidmət haqqının hər biri 20 manat təşkil edir. Xidmətdən istifadə etmək istəyən şəxslər daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə, həmçinin Əmlak Xidmətləri Məkanına həftə içi 5 gün (bazar ertəsi-cümə) saat 09:00-dan 19:00-a kimi, şənbə və bazar günləri isə, saat 10:00-dan 17:00-a kimi müraciət edə bilərlər.