"Tesla" əksik detallı elektromobillər buraxır

  • 17 İyul, 2019 12:11

İstehsal hədəflərindən geri qalmamaq üçün məşhur elektromobil istehsalçısı "Tesla" istehsalı tam başa çatmamış elektromobillərini hazır məhsul kimi istehsal xəttindən çıxarır.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, bunu hal-hazırda "Tesla"da çalışan və işdən ayrılan şəxslər CNBC-yə müsahibələrində bildiriblər. İşçilərin sözlərinə görə, şirkət bəzi elektrikli avtomobillərinin boltlarında və digər detallarında əksiklik olmasına baxmayaraq tamamlanmış məhsul kimi zavoddan çıxarır. Məlumata əsasən bu iddialar işçilərin təqdim etdiyi fotoşəkillərlə sübut olunur.

Həmçinin işçilər müəyyən olunmuş hədəflərə çatmaq üçün ağır şəraitdə fəaliyyət göstərdiklərindən də şikayət ediblər. Belə ki, "Tesla" işçiləri böyük istehsal çadırlarında səhər isti hava şəraitində, axşamlar isə soyuq və yağışlı havada çalışmalı olduqıarını bildiriblər.

"Tesla" "Model 3"ün istehsalını artırmaq və hədəflərə çatmaq üçün ötən il "General Assembly 4" adlanan böyük istehsal çadırı qurmuşdu. Hətta bu çadırda təhlükəsizlik riskləri səbəbindən şirkət 30 min dollara yaxın cərimə ödəmişdi.

Qeyd edək ki, "Tesla" bu ilin ikinci rübündə 87 min 48 elektromobil istehsal etdiyini açıqlamışdı.