Süni ət istehsalı üzrə startaplar iki dəfə çox investisiya cəlb ediblər - CARİ İLDƏ

  • 29 İyul, 2020 12:21
Süni ət istehsalı üzrə startaplar iki dəfə çox investisiya cəlb ediblər - CARİ İLDƏ

Cari ilin 7 ayı ərzində süni zülal bazarındakı 20-dən çox startap 1,4 milyard ABŞ dollarından çox investisiya cəlb edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu, əvvəlki ilin göstəricisindən iki dəfə çoxdur. Hesabat dövründə laboratoriya şəraitində ət yetişdirən şirkətlərə investisiyalar üç dəfədən çox artaraq 290 milyon dollar təşkil edib. Bitki əsaslı ətə yatırımlar isə 1,1 milyard dollara (ötən ilin 12 ayı ərzində bu göstərici 457 milyon dollar olub) çatıb.

Qeyd edilir ki, alternativ zülal istehsalı üzrə startapları dəstəkləyən investorların sırasına “Cargill” və “General Mills” özəl şirkətləri, pensiya və vençur fondları, Bill Geyts və Opra Vinfri kimi məşhurlar daxildir.

Xatırladaq ki, bu il bazarda ən iri sövdələşmə “Beyond Meat”in veqan burqerləri xəttinin genişləndirilməsi üçün 500 milyon dollar cəlb etməsi olub. İyulda dünyaca məşhur “KFC” ABŞ-da sahib olduğu daha çox fastfud restoranında “Beyond Meat”dən olan toyuq əti əvəzedicisini satacağını bəyan etdi.