STP Panel məhsul çeşidini artırır

  • 23 Sentyabr, 2019 14:50
STP Panel məhsul çeşidini artırır

Sumqayıt Texnologiyalar Parkının alt brendi olan STP panel uğurla H60 sendviç panelini istehsal etməyə başlayıb.

STP-dən "Finans.az"a verilən məlumata görə, yeni məhsul artıq bir sıra layihələrdə müvəffəqiyyətlə istifadə olunub. STP panel brendi bundan öncə H50, H70 və H100 növlərində divar və dam sendviç panelləri istehsal edirdi.

Texnopark yaxın gələcəkdə sendviç panel məhsulları sırasına H80 və H40 məhsullarını da əlavə etməyi planlayır. Yeni çeşid sendviç panel məhsulları inşaat həyata keçirdən şirkətlərə konstruksiyaların quraşdırılması üçün məhsul seçimində daha geniş manevr imkanı verəcək. Belə ki, onlar tələb və keyfiyyət dəyişmədən daha ucuz və ya büdcədə böyük artım olmadan nisbətən qalın və daha dözümlü məhsul əldə edə biləcəklər.

STP panel brendi altında sendviç panellərlə yanaşı alüminium kompozit panel (Alkopan), metal profilli dam örtükləri (Profnastil), metal-kirəmit (Çerepitsa) kimi məhsullar da istehsal olunur. Qeyd edək ki, STP panel məhsullarını poliuretan tərkiblə yanaşı Azərbaycanda yalnız STP-də istehsal olunan daş yun tərkibdə əldə etmək mümkündür.

Sendviç panellər çox yüksək keyfiyyəti, əla istilik izolyasiyası, asan quraşdırılma və sökülmə qabiliyyəti, uzunömürlülüyü, yanğına və suya yüksək davamlılığı, səs izolyasiyası, korroziyaya davamlılıq kimi xüsusiyyətləri ilə seçilir. Demək olar ki, bütün iqlim zonalarında xarici divarlar və arakəsmə divarlar, həmçinin dam örtüyü üçün istifadə olunur. Ümumiyyətlə qeyd etmək lazımdır ki, “STP panel”in məhsulları öz rəqiblərindən nəzərə çarpacaq dərəcədə seçilir. 5 qabırğalı quruluşa malik olduğu üçün 600 kiloqrama qədər ağırlığa tab gətirir. Dözümlü metal lövhələrdən istifadə edildiyi üçün tikinti zamanı istifadə edilən metal konstruksiyada qənaətə səbəb olur.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda STP-də mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün geniş çeşiddə məhsullar istehsal edir. Kabel, Polimer boru, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar bu məhsullardandır.