Startap şəhadətnaməsi kimlərə və kim tərəfindən veriləcək? - RƏY

  • 24 Aprel, 2019 12:46
Startap şəhadətnaməsi kimlərə və kim tərəfindən veriləcək? - RƏY

Ötən ilin sonunda Vergi Məcəlləsinə edilən dəyişikliklərin təsdiqi ilə bağlı Prezident fərman imzalayıb və Nazirlər Kabinetinə 3 ay ərzində startapların müəyyən olunması meyarlarını müəyyən etmək tapşırılıb.

Nazirlər Kabineti isə elə ötən il dekabrın sonunda bu haqda qərar qəbul edib və startapın müəyyən olunması üçün təkliflərin hazırlanmasını Vergilər Nazirliyinə tapşırıb.

"Finans.az" xəbər verir ki, ekspert Osman Gündüz Vergilər Nazirliyinin bunu aşağıdakı qurumlarla razılaşdırmalı olduğunu bildirib:
1.Maliyyə Nazirliyi,
2. İqtisadiyyat Nazirliyi,
3. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,
4. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
5. Digər aidiyyəti dövlət orqanları

Startap meyarları necə müəyyən olunacaq?

Ekspert suala cavab olaraq qeyd edib ki, startapçılardan və bu sahədə əlaqəli qurumlardan bu meyarlarla bağlı fikir və təkliflər istənilməyib: "Təəsüf ki, adıçəkilən dövlət qurumlarının heç birisi bu istiqamətdə heç bir müzakirə təşkil etməyib. Startap Azərbaycan olaraq meyarlarla bağlı Vergilər Nazilriyinə təkliflər göndərmişik. Hiss olunur ki, Şəhadətnamənin hansı qurumun verə biləcəyi ilə bağlı da ciddi müzakirələr aparılır. Ümumiyyətlə ölkəmizdə innovasiya siyasəti ilə məşğul olan vahid operator yoxdur. Ən azı 5-6 dövlət qurumu bununla məşğuldur. Elə bu baxımdan da Şəhadətnamə verilməsinə iddiaçılar çoxdur.

Ekspert Osman Gündüz

Güman ki, bu səlahiyyət bu sahədə yeni yaradılan quruma, İqtisadiyyat Nazirliyi yanında KOB İnkişaf Agentliyinə veriləcək. Qurum son dövrlərdə bu istiqamətdə, tənzimləmə məsələlərində xeyli aktivlik göstərir.


Qeyd edək ki, Startap Şəhadətnaməsinə malik olan startaplar 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən tam olaraq azad ediləcəklər.