STAR zavodundan ilk satış həyata keçirilib

  • 31 Yanvar, 2019 13:19
STAR zavodundan ilk satış həyata keçirilib

Ötən ilin oktyabr ayında açılışı həyata keçirilən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirdəki STAR neft emalı zavodu artıq ilk məhsulunun satışını həyata keçirib.

“Finans.az” xəbər verir ki, bu barədə “STAR Rafineri”nin baş direktoru Məsut İlter bildirib.

Onun sözlərinə görə, ilk satış əsas payı SOCAR-a məxsus olan “Petkim” neft-kimya kompleksi üçün nafta olub.

M.İlter yaxın 10 gün ərzində zavodun tam gücündə çalışacağını da qeyd edib.

Xatırladaq ki, ötən il oktyabrın 19-da STAR-ın açılış mərasimi keçirilib. zavodun təməli 2011-ci il oktyabrın 25-də qoyulub. Zavodu “Técnicas Reunidas” (İspaniya), “Saipem” (İtaliya), “GS Engineering & Construction Corp” (Cənubi Koreya) və “Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür.


Mənbə: report.az