STAR neft email zavodunun açılışında Azərbaycan və Türkiyə prezidentlərinin iştirak edəcəyi gözlənilir

  • 2 Oktyabr, 2018 16:25
STAR neft email zavodunun açılışında Azərbaycan və Türkiyə prezidentlərinin iştirak edəcəyi gözlənilir

SOCAR-ın Türkiyədə həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksinin mühəndislik işləri tamamlanıb.

“Finans.az”ın məlumatına görə, bunu SOCAR-ın Türkiyədəki törəməsi -“SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov “Anadolu” agentliyinə bildirib.

Onun sözlərinə görə, bir neçə ay ərzində tenderdə yekun təkliflərin qəbul olunacaq: “2019-cu ilin birinci rübündə yekun investisiya qərarı qəbul ediləcək”.

Z. Qəhrəmanov ikinci neft-kimya kompleksinin investisiya dəyərinin 1,6-2 mlrd. dollar olacağını deyib: “Bu kompleks Türkiyənin hazırki 1 mln. ton miqdarındakı saf tereftal turşusu (PTA) idxalını sıfıra endirəcək. Bununla yanaşı, paraksilol məhsullarının idxalının 800 min ton azalmasına imkan yaradacaq”.

Onun sözlərinə görə, bu kompleksin 2022-ci ilin sonu və ya 2023-cü ilin əvvəlində istismara veriləcəyi hədəflənib.

Z. Qəhrəmanov deyib ki, SOCAR-ın İzmirdə inşa olunan STAR neft emalı zavodu 2019-cu ilin yanvar ayından etibarən tam gücdə istimarda olacaq: “Zavodun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyi gözlənilir”.

O qeyd edib ki, zavodun daha səmərəli çalışması üçün Əliağada bir neçə il öncə alınan saxlama yeri 300 mln. dollar əlavə sərmayə yatırılaraq genişləndirilib: “Bundan başqa, Antalya və Mərmərə bölgələrində də saxlama yerləri alınıb. Bu saxlama yerləri zavodda istehsal olunan məhsulların daha etibarlı tədarükü üçün vacibdir”.