SOCAR və "Tatneft" birgə üçüncü ölkələrin bazarlarına çıxa bilər

  • 30 May, 2019 11:34
SOCAR və

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın "Tatneft" şirkəti neft-kimya məhsullarının tədarükü barədə saziş imzalayıb.

"Finans.az" xəbər verir ki, sənəd Bakıda keçirilən "Caspian Oil and Gas - 2019" sərgi-konfransında imzalanıb.

"İlk dəfədir Azərbaycana gəlmişik. Şirkətimiz yataqların işlənməsi sahəsində əməkdaşlıq üçün açıqdır. Yeni tərəfdaşlar, yeni satış bazarları axtarırıq. "Tatneft" neft hasilatı sahəsində 75 illik təcrübəyə malik şirkətdir. Neftin çıxarılması və emalı sahəsində, neft sənayesi avadanlığının istehsalında, neft-kimya sahəsində və s. müəyyən təcrübəmiz var. Ona görə də SOCAR ilə ortaq nöqtələr axtarmaq üçün buradayıq", - Tatarıstan şirkətinin nümayəndəsi bildirib.

O deyib ki, Tatarıstanda yataqlar işlənmənin yekun mərhələsindədir və bu səbəbdən oxşar strukturlarla işdə müəyyən təcrübəyə malik "Tatneft" SOCAR-a Azərbaycanda yataqların işlənməsi xidmətlərini təklif etmək istəyir.

"Bu, mövcud yataqların əlavə işlənməsi, ehtiyatların yenidən qiymətləndirilməsi, yataqların 3D modelləşdirilməsidır. "Yaşlı" yataqdan maksimum çox neft çıxarılması üçün xidmətlərimizi təklif etmək istəyirik", - Rusiya şirkətinin nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, gələn il üçüncü ölkələrin bazarında SOCAR ilə əməkdaşlıq haqqında danışmaq olar.


Mənbə: report.az