SOCAR-la “KazMunayQaz” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

  • 23 Dekabr, 2019 09:45
SOCAR-la “KazMunayQaz” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Dekabrın 20-21-də Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti Səhmdar Cəmiyyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub.

“Finans.az” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, Qazaxıstan şirkətinin rəhbərliyi və nümayəndə heyəti SOCAR-ın “Caspian Drilling Company” (CDC) MMC-nin dəniz təchizat və loqistika bazasında CDC şirkətinin rəhbərliyi ilə görüşüb. Hazırda SOCAR-ın CDC şirkəti öz bazasında “KazMunayQaz” şirkətinə məxsus olan “Sətti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsini həyata keçirir. “KazMunayQaz” rəhbərliyi qurğunun modernizasiya prosesi ilə tanış olub, məmnunluğunu ifadə edib.

Növbəti gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev “SOCAR Tower”də nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iki şirkət arasında tərəfdaşlıq əlaqələrinin inkişafı, habelə neft-qaz sənayesinin müxtəlif sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Xatırladaq ki, “KazMunayQaz” şirkətinə məxsus olan “Sətti” qurğusu SOCAR-ın CDC şirkəti tərəfindən modernləşdirildikdən sonra, ilk növbədə Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində, “Ümid-Babək” blokunda aparılan işlərə, eləcə də Xəzər dənizi akvatoriyasında digər əməliyyatlara cəlb edilə bilər. Əməliyyat dövründə qurğu üzərində menecmenti SOCAR-ın CDC şirkəti həyata keçirəcək.