SOCAR İstiqrazlarının sahibləri növbəti gəlirlərini əldə ediblər

  • 17 Oktyabr, 2018 14:24
SOCAR İstiqrazlarının sahibləri növbəti gəlirlərini əldə ediblər

Oktyabrın 17-də SOCAR İstiqrazlarının növbəti faiz ödənişi gerçəkləşib.

“SOCAR Capital” şirkətindən “Finans.az”a verilən məlumata görə, SOCAR İstiqrazlarının sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə, 1 mln. 250 min dollar vəsait ödənilib. Bu istiqrazlar üzrə 8-ci faiz ödənişidir. Bununla da, 5 illik dövriyyə müddəti olan SOCAR İstiqrazlarının 2 ili geridə qalır. 100 mln. dollar həcmində buraxılan, illik5% gəlirliliyi və hər 3 aydan bir faiz ödənişi olan SOCAR İstiqrazları,2 il ərzində ölkənin qiymətli kağızlar bazarında ən çox alınıb-satılan alətə çevrilib.

2016-cı ildə buraxılan SOCAR İstiqrazlarına ilkin bazarda tələb emissiya həcmindən 2 dəfə artıq olub, təkrar bazarda isə alğı-satqı həcmi artıq 170 mln. dollara yaxınlaşır. Beləliklə, bu göstəricilərdən məlum olur ki, buraxıldığı ilk gündən bəri istiqrazlara qarşı həm fiziki, həm də hüquqi şəxslər tərəfindən maraq böyükdür.

Likvidliyi, yəni dərhal pula çevrilmək imkanı, yüksək gəlirliliyi, SOCAR-ın geri alma zəmanəti, eləcə də, faizlərin qrafik üzrə vaxtında ödənilməsi istiqrazları cəlbedici yatırım vasitəsinə çevirib.

Ötən ilin noyabr ayından etibarən istiqrazlarla REPO əməliyyatları da həyata keçirmək mümkündür. REPO əməliyyatları SOCAR İstiqrazları sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq, aşağı faizlə qısamüddətli kredit götürmək imkanı verir. Hal-hazırda SOCAR İstiqrazları ilə REPO əməliyyatlarının həcmi 28 mln. dollar təşkil edir.

Qeyd edək ki, SOCAR İstiqrazlarının sahibləri uzunmüddətli kredit götürmək imkanına da malikdirlər. Onlar öz istiqrazlarını razılıq əldə olunmuş banklarda girov qoymaqla, illik 15-16%-lə manat krediti əldə edə bilərlər. SOCAR İstiqrazları girovdaykən belə, dollarda illik 5% gəlir gətirməyə davam etdiyi üçün, manatla götürülən kreditin illik faizi realda 9%-ə qədər enir.

Xatırladaq ki,hal-hazırda ölkə vətəndaşları, eləcə də, yerli və xarici fiziki, hüquqi şəxslər, SOCAR İstiqrazlarını “ASAN xidmət”in 1 5 saylı mərkəzlərinə müraciət etməklə,təkrar bazardan əldə edə bilərlər.