SOCAR İzmirdə II zavodunu inşa edəcək - Bu tarixdə istifadəyə verilə bilər

  • 10 Oktyabr, 2019 17:38
SOCAR İzmirdə II zavodunu inşa edəcək - Bu tarixdə istifadəyə verilə bilər

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində daha bir neft-kimya kompleksinin təməlini qoymaq niyyətindədir. Bu layihə də digər layihələr kimi strateji əhəmiyyət daşıyacaq".

“Finans.az” xəbər verir ki, bunu İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında “Petkim”in Baş direktoru Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, obyektin fəaliyyətə başlaması ilə Türkiyənin saf tereftal turşusu (PTA) idxalına tamamilə son qoyulacaq: “Bu gün Türkiyədə həmin məhsul yalnız “Petkim”in tərkibindəki PTA fabrikində istehsal olunur. Lakin fabrik təkbaşına Türkiyənin ehtiyacının ancaq bir qismini ödəyə bilir. Yeni investisiya layihəsi eyni zamanda hazırda 800 min ton həcmində idxal olunan paraksilen (PX) məhsullarının da Türkiyədə istehsalına imkan verəcək”.

A.Məmmədov onu da deyib ki, 1,8 milyard ABŞ dolları sərmayə qoyulması ehtimal edilən layihə üzrə sahə işlərinə 2020-ci ilin I yarısında başlanılması planlaşdırılır: "BP və “SOCAR Türkiyə”nin həyata keçirəcəyi layihənin yekun investisiya qərarının 2020-ci ildə verilməsi nəzərdə tutulur. "Merkuri" adlanacaq layihə üzrə hazırda texniki sənədləşdimə prosesi aparılır: Nəticələr müsbət olsa, 2020-ci il ərzində son maliyyə qərarı veriləcək və tikinti işlərinə start veriləcək. Yeni müəssisənin tikintisi 5 ilə yaxın vaxt apara bilər və onun istifadəyə verilməsi 2024-2025-ci illərdə baş tuta bilər".


Mənbə: report.az