SOCAR-ın idarəsi qeyri-neft sektoru üzrə ixracda lider olaraq qalır

  • 30 Avqust, 2019 16:12
SOCAR-ın idarəsi qeyri-neft sektoru üzrə ixracda lider olaraq qalır

Cari ilin iyul ayında isə qeyri-neft sektoru üzrə ixrac 154 mln. dollar təşkil edib.

"Finans.az"ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyul sayında bildirilir.

2018-ci ilin iyul ayı ilə müqayisədə 2019-cu ilin iyul ayında qeyri-neft sektoru üzrə ixrac 32 mln. dollar və ya 26% artıb. Cari ilin iyul ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (41 mln. dollar), Türkiyəyə (37,9 mln. dollar), İsveçrəyə (14,8 mln. dollar) Gürcüstana (14,7 mln. dollar) və Yunanıstana (6,1 mln. dollar) ixrac edilib.

Cari ilin iyul ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 14,7 mln. dollar) birinci, albalı və gilas (12,5 mln. dollar) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (7,5 mln. dollar) üçüncü olub.

“İxrac İcmalı”nın avqust sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-iyul ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "MKT İstehsalat Kommersiya" MMC, "Nine Climate" MMC, "Global Export Fruits" MMC, "Caspian enerji-2020" MMC, "Baku Steel Company", “Sun Food" MMC, "P-Aqro" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC, "Azərikimya" İB, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, Dövlət Material Ehtiyatlari Agentliyi.

“İxrac İcmalı”nda cari ilin yanvar-iyul ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2019-cu ilin yanvar-iyul aylarında Azexport.az portalına 346,6 mln. dollar dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında ixrac sifarişləri 10% artıb. 2019-cu ilin iyul ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 43,5 mln. dollar təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə 40%-lik artım qeydə alınıb. Cari ilin yanvar-iyul aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (12,1%), Türkiyə (6,4%), ABŞ (6%), Hindistan (5,7%), və İngiltərə (4,8%) qərarlaşıb.

Bu ilin iyul ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, pomidor, fındıq ləpəsi, alma, tütün, toyuq yumurtası, şərab, qənnadı məhsulu, kosmetik vasitə, çay, tikinti materialı, mühərrik yağı, bal, boya, meyvə kompotu, nar məhsulları, yun, mebel dəsti, mineral su və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 iyul tarixinə kimi (31 ay ərzində) Azexport.az portalına dünyanın 133 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 mlrd. 336 mln. dollar təşkil edib.

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, bu ilin avqust ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 11,6 mln. dollar olub. 2019-cu ilin yanvar-avqust ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 90,7 mln. dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib.


Mənbə: report.az