SOCAR-ın 2020-ci ildə büdcə ödənişləri 1,45 mlrd. manat proqnozlaşdırılır

  • 18 Oktyabr, 2019 17:33
SOCAR-ın 2020-ci ildə büdcə ödənişləri 1,45 mlrd. manat proqnozlaşdırılır

Gələn il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə büdcə ödənişləri 1,450 mlrd. manat nəzərdə tutulur.

“Finans.az” xəbər verir ki, bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrindəqeyd olunur.

2020-ci ilə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 56,1%-i və ya 13,530 mlrd. manatı neft sektorunun payına düşür.

Sənəddə qeyd edilib ki, 2019-cu ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 170,3 mln. manat və ya 1,2% azdır.

Neft sektoru üzrə büdcə gəlirlərinin 83,9%-ni və ya 11,350 mlrd. manatını Azərbaycan Dövlət Neft Fondundan transfert, 16,1%-ni və ya 2,180 mlrd. manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. Vergi orqanlarının xətti ilə neft sektoru üzrə daxilolmalarda SOCAR üzrə büdcə ödənişləri 1,450 mlrd. manat və neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi 730 mln. manat nəzərdə tutulur. Bu da vergi orqanları tərəfindən neft sektoru üzrə daxilolmaların müvafiq olaraq 66,5% və 33,5%-ni təşkil edir.


Mənbə: report.az