SOCAR: Əlverişli təklif olunsa, Belarusda YDM şəbəkələrinə investisiya nəzərdən keçirilə bilər

  • 28 İyun, 2019 17:32
SOCAR: Əlverişli təklif olunsa, Belarusda YDM şəbəkələrinə investisiya nəzərdən keçirilə bilər

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bütün ölkələrdə mövcud investisiya imkanlarını nəzərdən keçirir və mütəmadi şəkildə dəyərləndirir.

“Finans.az” xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov şirkətin Belarusda “SOCAR” brendi ilə yanacaqdoldurma məntəqələri açmaq niyyətində olması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, hazırda neft və qazın emalı sahəsindəki layihələr şirkət üçün daha rentabelli görünür: “Yanacaqdoldurma məntəqələrinə yatırımlar aktual olaraq investisiya strategiyamızın prioritetləri sırasında deyil. Lakin bu istiqamətdə bizə əlverişli şərtlər təklif olunsa, YDM şəbəkələrinə investisiya məsələsi də nəzərdən keçirilə bilər”.

İ.Əhmədov bildirib ki, ümumilikdə, SOCAR, bir qayda olaraq, öz mövcud fəaliyyətləri ilə sinerji yaradan və ya gələcəkdə müxtəlif əməliyyat sahələrinin inteqrasiyasını mümkün edən investisiya layihələrinə üstünlük verir.

Xatırladaq ki, bu günlərdə Belarusun bir sıra nəşri SOCAR-ın Belarusda YDM şəbəkəsi açmaq planlarının olması ilə bağlı məlumat yaymışdı.


Mənbə: report.az