SOCAR BMT İnkişaf Proqramı ilə yeni layihələri müzakirə edib

  • 4 İyul, 2019 12:05
SOCAR BMT İnkişaf Proqramı ilə yeni layihələri müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevə BMT İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassettinin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş olub.

“Finans.az” xəbər verir ki, görüşdə SOCAR ilə UNDP arasında ekologiya və ətraf mühitin qorunması sahəsində əməkdaşlığın davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, perspektiv layihələr müzakirə edilib.

Nəzərə çatdırılıb ki, iqlim dəyişmələri, enerji səmərəliliyi, atmosferə atılan karbon qazının ixtisar edilməsi sahəsində və ümumilikdə birgə ekoloji layihələr hər iki qurumun maraq dairəsindədir. Görüşdə SOCAR və UNDP tərəfindən həyata keçirilən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planı” (NAMA) layihəsi tamamladıqdan sonra bu və digər istiqamətlərdə, o cümlədən, neftlə çirklənmiş torpaq və suların təmizlənməsi, təmizlənmiş ərazilərdə yaşıllıqlar salınması, qaz borularının modernizasiyası və s. üzrə layihələrin birgə işlənməsi perspektivləri müzakirə olunub.

2015-ci ilin iyul ayından etibarən SOCAR və UNDP-nin Azərbaycan Nümayəndəliyi tərəfindən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planı” (NAMA) layihəsi icra olunur. 5 il müddətinə nəzərdə tutulmuş layihə Qlobal Ekoloji Fond (GEF) və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilir və SOCAR-ın İqlim Dəyişikliyinin Təsirlərinin Azaldılması Strategiyasını dəstəkləmək məqsədi daşıyır. Atmosferə karbon qazı tullantılarını minimuma endirən istehlak sektorları üzrə proqram xarakterli Milli Fəaliyyət Planına uyğun olaraq layihə çərçivəsində istixana effekti yaradan qaz emissiyası təsirlərinin azaldılması tədbirlərinin təşviqi və genişləndirilməsi müvafiq sahələrə pilot investisiya qoyuluşları vasitəsi ilə həyata keçirilməkdədir.