SOCAR AQŞ "Qərbi Abşeron” yatağında unikal geoloji tədqiqat işləri aparıb

  • 29 İyul, 2019 16:57
SOCAR AQŞ

SOCAR AQŞ 10 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 735 m olan 10 nömrəli kəşfiyyat quyusunun qazma işlərini təhlükəsiz, keyfiyyətlə və ətraf mühitə heç bir ziyan vurmadan yekunlaşdırıb.

“Finans.az” xəbər verir ki, müəssisə “Qərbi Abşeron” yatağının tam potensialının aşkara çıxarılması istiqamətində bir sıra ilklərə imza atıb. Aparılmış uğurlu geoloji-geofiziki tədqiqat işləri nəticəsində lay təzyiqi ölçülüb, müxtəlif intervallardan kern nümunələri götürülüb, süxurların kollektor xüsusiyyətləri öyrənilib, layın neft-qaz doyumluluğu müəyyənləşdirilib, layların yatımı, süxurların litoloji kəsilişi və s. dəqiqləşdirilib.

10 saylı özülün Sahə qazma geoloqu Arif Səfərov bildirib ki, “Qərbi Abşeron” yatağında aparılan geoloji-geofiziki tədqiqatlar sayəsində əldə olunan uğurlu nəticələr qiymətli məlumat bazası olmaqla yatağın tarixində yeni dövrün başlanmasına böyük təkan verəcək: “Belə ki, yataqda baş verə biləcək geoloji mürəkkəbləşmələrin öncədən qarşısının alınması mümkün olacaq və bunun sayəsində quyuların təhlükəsiz qazılması, işlənməsi və işlənmə rejimlərinin düzgün seçilməsi, o cümlədən qaz-kondensat ehtiyatlarının mənimsənilməsi əhəmiyyətli dərəcədə artacaq".

SOCAR AQŞ əmindir ki, dəyərlərinə daim sadiq qalan SOCAR AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək. Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

Qeyd edək ki, “SOCAR AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Hazırda SOCAR AQŞ dayaz sulu "Günəşli" yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı və "Bulla"’ yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır.

Müəssisə 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR AQŞ Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2015; ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılıb.

2017-ci ildə SOCAR AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılıb. Müəssisənin səhmdarları SOCAR, “Nobel Oil Services” və “Abşeron Qazma” MMC-dir.