“SOCAR AQŞ”nin rəhbəri: "Türk Şurasının Bakı Zirvəsi milli şirkətlərin beynəlxalq inteqrasiyası üçün əsaslı stimul verdi"

  • 21 Oktyabr, 2019 16:13
“SOCAR AQŞ”nin rəhbəri:

Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının (Türk Şurası) Bakıda keçirilən VII Zirvə Görüşünün qərarları türk dünyasında fəaliyyət göstərən milli şirkətlərin beynəlxalq inteqrasiyası üçün əsaslı stimuldur.

“Finans.az” xəbər verir ki, bunu Ankarada “SOCAR AQŞ” şirkətinin baş direktoru Ramin İsayev AZƏRTAC-a bildirib.

O qeyd edib ki, ümumiyyətlə, bütün dünyada milli şirkətlərin inkişafına dövlət dəstəyi mühüm amildir: “Türk Şurasının əməkdaşlıq prinsipləri isə üzv ölkələrin milli şirkətlərinin inkişafına kompleks dəstək prinsipini ortaya çıxarıb”.

“SOCAR AQŞ” ilə “China CAMC Engineering Co., Ltd. - IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” birgə müəssisəsi arasında “Duz gölü yeraltı qaz anbarlarının genişləndirilməsi” layihəsi çərçivəsində imzalanan müqavilənin uğurla başa çatacağına əminliyini ifadə edən R.İsayev bildirib ki, milli şirkətlərin inkişafı hökumətin həyata keçirdiyi siyasətlə birbaşa bağlıdır: “Azərbaycan hökuməti davamlı olaraq ölkədə təsis olunan milli şirkətlərin inkişafı, o cümlədən xaricdə fəaliyyəti üçün təxirəsalınmaz tədbirlər həyata keçirir. Türk Şurasının qurucularından olan Azərbaycan bütün hallarda təşkilata üzv olan ölkələrin birgə iqtisadi layihələr həyata keçirməsində maraqlı olub. “SOCAR AQŞ” də hökumətin bu siyasətinin qarşıya qoyduğu məsuliyyəti başa düşür. Bu mənada hesab edirəm ki, Türkiyədəki fəaliyyətimizin gələcəkdə digər türkdilli ölkələrə də şaxələnməsi mümkün olacaq”.