Sığorta bazarı böyüyüb - RƏQƏMLƏR

  • 10 İyun, 2019 10:15
Sığorta bazarı böyüyüb - RƏQƏMLƏR

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycandakı 21 sığorta şirkəti tərəfindən 265,297 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Finans.az” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12% çoxdur.

Cari ilin yanvar-aprel aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 66,7 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

Könüllü sığorta bazarı üzrə haqlar 176,2 mln. manat, ödənişlər isə 43,4 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 89,1 mln. manat, ödənişlər isə 23,3 mln. manat olub.

2019-cu ilin yanvar-aprel aylarında sektor üzrə məcmu sığorta haqlarının 66%-i könüllü, 34%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 65%-i könüllü, 35%-i icbari sığorta növləri hesabına formalaşıb.