Seymur Mövlayev: "Artıq saxlanma xərclərini özümüz ödəyirik" - MÜSAHİBƏ

  • 3 Noyabr, 2018 11:25
Seymur Mövlayev:

"Finans.az" Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Seymur Mövlayevin müsahibəsini təqdim edir.


- “Aqrolizinq” indiyə qədər zərərlə işləyib. Bu ilin yekunu ilə bağlı proqnozunuz necədir? Mənfəətə çıxmaq mümkün olacaqmı?

- Artıq "Aqrolizinq"in müsbətə doğru fəaliyyəti təmin edilib. Bu, bizim üçün böyük uğurdur. Hələlik onu deyə bilərəm ki, səhmdar cəmiyyətinin il ərzində 7-8 mln. manata qədər saxlanma xərcləri var. Biz bu xərcləri özümüz ödəməklə dövlətə xeyir verməyə başlamışıq.

- Buna necə nail oldunuz?

- Biz yeni, intizamlı yanaşmalarla düzgün və sağlam idarəçiliyi təmin etmişik. Məsələn, gübrə satışı ilə bağlı kifayət qədər mənfi halın qarşısı alınıb, proses lazımi formada həyata keçirilir. Sadəcə, düzgün təchizat zənciri qurmaq lazımdır. Məsələn, gübrə ən ucuz vaxtda alınsa, onun gəlir marjası kifayət qədər yüksək olar. Bunun üçün "Aqrolizinq"in Maliyyə Departamenti uğurla çalışır.

- Hazırda qarşınızda duran əsas problemlər hansılardır?

- Fermerlərə satışda 40% güzəşt tətbiq edilməsinə baxmayaraq, ödənişlər gecikir. Onlar ildə 2 dəfə "Aqrolizinq"ə ödəniş etməklə bağlı öhdəlik götürürlər, ancaq 1 dəfə ödəniş edirlər. Başa düşürük ki, fermerlərin maliyyə resursları azdır. Buna görə də çalışırıq ki, bütün sahələrdə düzgün təchizat zəncirini tətbiq edək, kənd təsərrüfatı istehsalçılarını daha keyfiyyətli texnika ilə təmin edək, onlara bacardıqca aşağı qiymətə gübrə sataq. Bununla fermerlərdə maliyyə imkanları formalaşdırmağa çalışırıq. Bilirik ki, bu tədbirlərin əvəzi sabah bizə geri dönəcək. Paralel olaraq maarifləndirmə tədbirləri də görürür ki, vətəndaşlarımız ödənişləri vaxtında həyata keçirsinlər, "Aqrolizinq"də də lazımi maliyyə resursları formalaşsın və onun hesabına yenidən kombayn alaq. Artıq kombayn tədarük etməyə başlamışıq. 120-yə qədər kombayn gəlib, onun 60-ı artıq satılıb.

- Bununla belə, bəzən belə məlumatlar yayılır ki, kəndlərdə texnika çatışmır.

- Əgər bir kənddə 44 traktor varsa, siz deyə bilərsinizmi ki, orada texnika çatışmır?! Bəzən kombaynların təyinatı üzrə istifadə edilmədiyinin şahidi oluruq. Məsələn, toy kartecində kombaynların aparılması ilə bağlı görüntülər yayılır. “Aqrolizinq”in xidmətləri ucuz olduğu üçün bütün şirkətlər onun üzərinə yüklənirlər və bildirirlər ki, bizi təmin etməlisiniz. Halbuki, işimiz, əsasən, lizinq xidmətidir. Onlar “Aqrolizinq”in hər hektar ərazini 30 manata biçdiyini nəzərə alaraq şirkətdən texnika almırlar. Eyni yanaşma sadə vətəndaşlara da məxsusdur. 100 hektar ərazisi olan fermer “Aqrolzinq”in ona xidmət göstərsməsini istəyir, halbuki şirkətdən kombayn götürmür. Biz, sadəcə, servisə 10 kombayn veririk ki, 1 hektara qədər ərazisi olan, aztəminatlı, kombayn ala bilməyən fermərlərə qısa müddətdə dəstək göstərə bilək.

- “Arolizinq”in rəhbərliyinə gəldikdən sonra daha hansı dəyişiklikləri həyata keçirmisiniz?

- Struktur dəyişiklikləri həyata keçirilib. Bütün istiqamətlər üzrə riskləri təhlil etməyə, yəni fəaliyyətimizi bir növ risk əsaslı qurmağa başlamışıq. Şöbə müdirlərimiz vətəndaşların problemlərini yerindəcə dinləyir, onları maarifləndirməyə çalışırlar. Uzun illər “Aqrolizinq” haqqında mənfi fikir formalaşıb. Bunu dəyişmək, şəffalığı təmin etməyə çalışırıq.

- 2019-cu il üçün hədəfləriniz nədir?

- Gələn il bu illə müqayisədə daha şəffaf fəaliyyət göstərməyə, xidmətlərimizlə fermerlərə daha yaxın olmağa çalışacağıq. Nazir İnam Kərimovun müəyyən etdiyi siyasətə uyğun olaraq, vətəndaşa yaxınlıq, innovativ yanaşma tərzi və həll yolları hədəflərimizdir. Bununla bağlı fəaliyyətimizi Kənd Təsərüfatı Nazirliyi ilə uyğunlaşdırılmış şəkildə davam etdirəcəyik.


Mənbə: report.az