Sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı qərar veriləcək - Bu tarixdən sonra

  • 16 Yanvar, 2020 12:47
Sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı qərar veriləcək - Bu tarixdən sonra

Prezident İlham Əliyevin tapşırığı ilə Prezident Administrasiyasının təsdiq etdiyi tədbirlər planı var. Tədbirlər planı 27 iyun 2019-cu ildə təsdiqlənib.

"Finans.az" xəbər verir ki, bunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov deyib. O, bildirib ki, sənədsiz ev problemlərinin həlli ilə bağlı yerli komissiyaların yardılması rayon icra hakimiyyətlərinə tapşırılıb və bu istiqamətdə işlər aparılır:

"Hazırda tədbirlər planına uyğun işlər bu ilin aprel ayına qədər yekunlaşdırılacaq. Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə araşdırmalar yerli komissiyalar tərəfindən yekunlaşdırılıb, digər şəhərlərdə isə bu rəqəm 74 mindir. Aprel ayında araşdırmalar bitdikdən sonra nəticələr administrasiyaya təqdim olunacaq və bundan sonra həmin obyektlərin rəsmiləşdirilməsi ilə bağlı qərar qəbul ediləcək".