Səfir: “Aİ-Azərbaycan Biznes Forumu yaxşı bir fürsətdir”

  • 12 İyun, 2019 14:31
Səfir: “Aİ-Azərbaycan Biznes Forumu yaxşı bir fürsətdir”

“Ümid edirəm ki, Aİ-Azərbaycan Biznes Forumu gələcəkdə Avropa İttifaqının Azərbaycanla əsas ticarət tərəfdaşı kimi qalmasına kömək edəcək”

"Finans.az" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas bildirib.

Onun sözlərinə görə, iyunun 13-ü tarixində Bakıda keçiriləcək Avropa İttifaqı-Azərbaycan Biznes Forumunda ötən illə müqayisədə çoxlu sayda iştirakçı qeydiyyatdan keçib: “İştirakçıların sayının çox olması gözəl göstəricidir. Biznes Forum biznes əlaqələrin qurulmasına, biznes mühitinin öyrənilməsinə, həmçinin son illər ərzində həyata keçirilmiş işləri görmək üçün əla imkandır”.

Alman-Azərbaycan Xarici Ticarət Palatasından “Report”a bildirilib ki, forumda biznes mühiti, kənd təsərrüfatı, həmçinin nəqliyyat, loqistika, İKT və turizm üzrə panel müzakirələrin aparılması gözlənilir.

Məlumata görə, tədbirdə Azərbaycan İqtisadiyyat naziri Şahin Mustafayevin, Vergilər naziri Mikayıl Cabbarovun, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin, Kənd Təsərrüfatı naziri İnam Kərimovun, Qida Təhlükəsizliyi Agentliyin sədri Qoşqar Təhməzlinin və digər yüksək rütbəli vəzifəlilərin iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, Aİ-Azərbaycan Biznes Forumu beşinci dəfədir keçirilir.

Qeyd edək ki, Aİ Azərbaycanın xarici ticarət dövriyyəsində, təxminən, 42 faizlik paya malik olmaqla rəsmi Bakının əsas ticarət tərəfdaşıdır. Həmçinin Aİ Azərbaycanda ən böyük investordur.