"Saudi Aramco" qlobal neft tələbatının 2022-ci ilədək ötənilki səviyyəyə qayıdacağını gözləyir

  • 14 Oktyabr, 2020 11:04

Səudiyyə Ərəbistanın "Saudi Aramco" neft şirkətinin rəhbəri Amin Naser qlobal neft tələbatının 2022-ci ilədək 2019-cu ilin səviyyəsinə çatacağını gözləyir. O bildirib ki, çox şey koronavirusa qarşı peyvəndin hazırlanmasından və pandemiyanın ikinci dalğasının gücündən asılı olacaq.

"Finans.az"ın məlumatına görə, bunu Amin Naser "Energy Intelligence Forum" konfransında çıxış edərkən deyib.

"Mənim proqnozum – 2022-ci ilə qədər bərpaya nail olacağımıza ümid edirəm. Bilirəm ki, IEA (Beynəlxalq Enerji Agentliyi – red.) neftə olan tələbatın 2023-cü ilədək bərpa olunacağını proqnozlaşdırır, lakin hər şey ilin sonuna – gələn ilin ortasına və ya gələn ilə qədər koronavirusa qarşı peyvəndin hazırlanmasından və onun istifadəsinin dünyada nə dərəcədə sürətlə yayıla biləcəyindən asılıdır. Bütün bunlar tələbatın əvvəlki səviyyələrə qayıtma müddətinə təsir edəcək", - deyə şirkətin rəhbəri bildirib.

Amin Naser onu da əlavə edib ki, qlobal neft bazarının ən pis dövrü müəyyən qədər artıq arxada qalıb. O xatırladıb ki, aprel ayında bazarda gündəlik tələbat 75-80 mln. barelədək azalmışdı, gündəlik təklifin həcmi isə təxminən 100 mln. barel idi, bəzi neft markalarının qiyməti mənfi dəyərə çatmışdı: "Ancaq hazırda canlanma müşahidə edirik və gündəlik tələbatın 90 mln. barelə çatdığını görürük. Tələbatın artması davam edir. Onun əksər hissəsi inkişaf etməkdə olan ölkələrin payına düşür. Şərqi Asiyada, xüsusən Çində böyük artım var. Çində, aviasiya yanacağı istisna, demək olar ki, tələbat koronavirusdan əvvəlki səviyyəyə qayıdıb".

"Saudi Aramco"nun rəsmisi onu da qeyd edib ki, indi tələbatın bərpa sürəti COVID-19-un ikinci dalğasının mövcudluğundan və gücündən asılı olacaq.


Mənbə: apa.az