Sahil Babayev Sabirabadda vətəndaşları qəbul edib

  • 27 Fevral, 2019 17:23
Sahil Babayev Sabirabadda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Sabirabad rayonunda Sabirabad, Saatlı, Hacıqabul rayonlarının və Şirvan şəhərinin sakinlərini fərdi qaydada qəbul edib.

Nazirlikdən “Finans.az”a verilən məlumata görə, vətəndaşlarla görüşündə S.Babayev vətəndaşların sosial təminat, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, tibbi-sosial reabilitasiya, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciətlərini dinləyib. Sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlara hüquqi izahatlar verilib.

Bir sıra müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə yerindəcə araşdırılıb, nəticəsinə uyğun tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Eləcə də ayrı-ayrı şəxslər işlə təmin edilmələri üçün göndərişlə təmin olunub, kiçik ailə təsərrüfatını yaratmaq üçün potensialı olan işsiz şəxslər cari ildə özünüməşğulluq proqramına cəlb edilmək üçün qeydiyyata alınıblar.

Nazir qeyd edib ki, özünüməşğulluq proqramına ötən il Sabirabad, Saatlı, Hacıqabul rayonlarında və Şirvan şəhərində 341 aztəminatlı ailə cəlb edilib. Qəbul zamanı bərpa müalicəsinə ehtiyacı olan vətəndaşların reabilitasiyaya cəlb edilməsi tapşırılıb. 2019-cu ildə nazirliyin bir sıra reabilitasiya müəssisələrində olduğu kimi, Şirvan şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işlərinə başlanacağı qeyd edilib.