Sahibkarların investisiyalar bazarına çıxışı asanlaşır

  • 2 Oktyabr, 2018 10:54
Sahibkarların investisiyalar bazarına çıxışı asanlaşır

Prezident İlham Əliyevin qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamına uyğun olaraq, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən yaradılan “www.enterpriseazerbaijan.com” portalının təqdimetmə mərasimi keçirilib.

“Finans.az”ın məlumatına görə, tədbiri giriş sözü ilə aşan İİTKM-in icraçı direktoru Vüsal Qasımlı deyib ki, Portal mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli və əlverişli məkan olaraq Azərbaycandakı investisiya layihələri, startaplar, əmlak, səhm, torpaq və digər aktivlər barədə məlumat bankıdır: “Bu gün bütün dünyada verilən əsas sual budur ki, biznes aktivləri, yoxsa birləşdirici platforma daha üstündür? Facebook, Airbnb, Uber, Alibaba kimi layihələr göstərir ki, rəqəmsal platformalar nə dərəcədə vacibdir. Bu baxımdan “www.enterpriseazerbaijan.com” portalının ərsəyə gəlməsi və Azexport və Rəqəmsal Ticarət Qovşağı ilə ekosistem təşkil etməsi təsadüfi deyil. İşəgötürənələr “insan buludu”ndan (human cloud) istifadə edərək sifarişlərini verirlər. Dünyanın hər yerindən professionallar təklif edəcəkləri xidmətləri və layihələri “insan buludu”nda yerləşdirirlər ki, reallaşdırsınlar. Beləliklə “www.enterpriseazerbaijan.com” həm də “insan buludu” platforması rolunda çıxış edərək, promoterlər və investorları birləşdirəcək. EnterpriseAzərbaycan P2P platforması kimi investisiyalar bazarına çıxışı asanlaşdırır, investisiya cəlbi üçün sərf olunan resursları qənaət edir, xərcləri azaldır. Çünki portal “robot-məsləhətçi” alqoritminin tətbiqini əzərdə tutur. Gələcəkdə hətta EnterpriseAzərbaycanda blokçeyn texnologiyalarının istifadə edilməsi də nəzərdən keçirilir. EnterpriseAzərbaycan ölkədə sahibkarların yeni biznes əməliyyat modeli üzərində inkişafına dəstək verəcək: İstehlakçı-mərkəziyyəti, data əsaslı inkişaf, talantizm və biznesin iyerarxik strukturundan şəbəkə modelinə keçid. EnterpriseAzərbaycanın razılığa gəldiyi dünyada aparıcı mələk, toxum və vençur sərmayədarlar ölkəmizdəki biznes layihələri maliyyələşdirmək üçün müzakirələrə hazırdırlar. Bu yolla EnterpriseAzərbaycan ölkədə startap hərəkatına yeni təkan verməyi planlayır”.

V.Qasımlı yerli layihə müəlliflərini, sahibkarlar və sərmayədarları “www.enterpriseazerbaijan.com” portalı ilə yaxından əməkdaşlığa dəvət edib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, “Goldenpay” şirkətinin yaradıcısı Fərid İsmayılzadə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Estoniya İnvestisiya Agentliyinin direktorları Allan Selirand və Jaan Heinsoo çıxışlar ediblər.

Tədbier müddətində İİTKM-nin “www.enterpriseazerbaijan.com” portalı ilə “Enterprise Estoniya” sahibkarlığın inkişafına yardım fondu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Təqdimat mərasimi zamanı “www.enterpriseazerbaijan.com” portalının mahiyyətindən bəhs edən videoçarxlar nümayiş olunub. Portalın ulduz səfiri Azərbaycan futbolunun ulduzu Qurban Qurbanov ictimaiyyəti Enterpriseazerbaijan portalı ilə bağlı düzgün hədəfi seçməyə çağırıb. Beynəlxalq qurumların və xarici biznes nümayəndələri – Rusiya elektron pul və pul köçürmələri assosiasiyasının prezidenti Viktor Dostoy, OrientSwiss şirkətinin Qazaxıstan nümayəndəliyinin direktoru Sardor Muhamadaliyev, Buxarest universitenin Departament direktoru Emerita Mariana, Tailandın elektron biznes mərkəzinin icraçı direktoru Kultriak Pakavarkrilers, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Avrasiya üzrə direktoru Bill Tomson, “Finding My Place” təşkilatının həmtəsisçisi İngrid Rostenin çıxış etdiyi video-çarxda isə Enterpriseazerbaijan portalının əhəmiyyətindən danışılıb.

Təqdimat mərasimində dövlət və özəl ictimaiyyətin eləcə də xarici ölkə nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Enterpriseazerbaijan portalı Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli platformadır.