Sabunçunun daha bir yolunun təmirinə başlanılıb

  • 6 Fevral, 2019 14:59
Sabunçunun daha bir yolunun təmirinə başlanılıb

Bakı şəhərində bu il yenidən qurulması nəzərdə tutulan yollardan biri Sabunçu rayonunda yerləşir.

Avtomobil Yolları Dövlət Agentliyindən “Finans.az”a veruilən məlumata görə, söhbət başlanğıcını Zabrat-Maştağa avtomobil yolundan götürən “Savalan” yaşayış massivinin 3 km uzunluğa malik yolundan gedir.

Yenidənqurma işləri çərçivəsindəyol boyu yararsız qrunt qazılaraq çıxarılıb, qazılmış, genişləndirilmiş və relyefdən aşağı olan hissələrin karbonat materialı ilə hissə-hissə doldurularaq kipləşdirilməsi işləri aparılıb, torpaq yatağı profilə salınaraq hamarlaşdırılıb.

Bunun ardınca yol əsasının inşası işləri aparılıb. Belə ki, zəruri qarışıqlarla layihədə nəzərdə tutulmuş qalınlıqda əsasın alt və üst layının təmiri aparılıb. Yol əsasının hazır olan hissələri isə hazırda əlaqələndirici bitum səpilməklə asfaltlanır.

Təmir-tikinti işləri çərçivəsində yola 2 laydan ibarət 12 sm qalınlığında yeni iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənir.

Asfaltlanma işlərinin ardınca hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.

Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.