Sabunçu stansiyasının yaxınlığındakı yeraltı tuneldən avtomobillərin hərəkəti bərpa olunub - RƏSMİ AÇIQLAMA

  • 3 Sentyabr, 2019 14:11
Sabunçu stansiyasının yaxınlığındakı yeraltı tuneldən avtomobillərin hərəkəti bərpa olunub - RƏSMİ AÇIQLAMA

Sabunçu stansiyasının 14-cü kilometrin 3-cü piketində yeni inşa olunmuş yeraltı tuneldə dünən gecə və bu gün səhər saatlarında yağan yağış nəticəsində subasma hadisəsi baş verib.

"Finans.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramovanın sözlərinə görə, yeraltı tunelin tikintisi zamanı Sabunçu rayon ərazisinin illik yağıntı normalarına uyğun olaraq nasosxana quraşdırılıb. Lakin ərazidə işlər yekunlaşmadığından və yağış suyunun çox olması səbəbindən nasosxana suyun uzlaşmasını çatdıra bilməyib: “Buna baxmayaraq, dəmir yolu tərəfindən tədbirlər görülüb, suyu tuneldən uzaqlaşdırmaq üçün əlavə güclü nasos quraşdırılıb və görülmüş tədbirlər nəticəsində yeraltı tuneldən avtomobillərin hərəkəti bərpa olunub".

N.Bayramova bildirib ki, yeraltı tuneldə infrastrukturun qurulması tam başa çatmayıb və “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən podratçı təşkilatdan təhvil alınmayıb. "Lakin yerli sakinlərin xahişi nəzərə alınaraq, nəqliyyat sıxlığınin aradan qaldırılması, eləcə də yanğınsöndürmə və təcili yardım maşınlarının vaxtında mənzil başına çatması məqsədi ilə tunel maşınların hərəkəti üçün açılıb”, - QSC-nin sözçüsü bildirib.


Mənbə: report.az