Rusiyanın ən böyük banklarından biri Azərbaycandakı layihələri dəstəkləyəcək

  • 14 Noyabr, 2020 16:24
Rusiyanın ən böyük banklarından biri Azərbaycandakı layihələri dəstəkləyəcək

Rusiyanın “Qazprombank” və Azərbaycan Beynəlxalq Bankı (ABB) "Müqavilələr üçün sərhədyanı bank dəstəyi" məhsulunu tanıtmaq üçün müqavilə imzalayıblar.

“Finans.az” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, saziş iştirakçı banklar arasında Azərbaycanda həyata keçirilən layihələrə bank dəstəyinin göstərilməsi sahəsində əməkdaşlığı nəzərdə tutur.

Xatırladaq ki, 1990-cı ildə yaradılan “Gazprombank” ASC maliyyə göstəricilərinə görə Rusiyanın ən böyük üç bankından biridir. Bank Rusiya iqtisadiyyatının əsas sahələrinə (qaz, neft, nüvə enerjisi, kimya və neft kimyası, qara və əlvan metallurgiya, elektrik enerjisi, maşınqayırma və metal emalı, nəqliyyat, tikinti, telekomunikasiya, kənd təsərrüfatı, pərakəndə) xidmət göstərir.

ABB 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 91,4 %-i Maliyyə Nazirliyinə, 3,76 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,13 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 4,71 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.


Mənbə: report.az