Rövnəq Abdullayev: “Neft-qaz sənayesinin yüksəlişində Neft-Kimya Prosesləri İnstitutu rol oynayıb”

  • 2 Oktyabr, 2019 12:33
Rövnəq Abdullayev: “Neft-qaz sənayesinin yüksəlişində Neft-Kimya Prosesləri İnstitutu rol oynayıb”

“Bir neçə gün əvvəl ölkədə “Əsrin müqaviləsi”nin 25 illiyi təntənə ilə qeyd edildi.Azərbaycanın neft-qaz sənayesi qlobal iqtisadi proseslərin ayrılmaz hissəsinə çevrilib. Bütün bunlar gərgin əməyin bəhrəsidir”.

“Finans.az” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunmuş yığıncağında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, bugünki yüksəlişdə Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu əvəzsiz rol oynayıb: “Bu gün də SOCAR bu institut ilə əməkdaşlığı yüksək qiymətləndirir, bir neçə ildir ki, AMEA-nın təşəbbüsü ilə keçirilən Y. Məmmədəliyev Bakı Beynəlxalq konfransına dəstək verir. Əməkdaşlıq ildən-ilə genişlənir. Əməkdaşlıq nəticəsində 2012-ci ildən Elm Fondu tərəfindən qrant müsabiqələr də keçirilir".

O bildirib ki, bu gün Bakı Ali Neft Məktəbinin bu institutla bir binada yerləşməsi bu ali məktəbdə oxuyan tələbələr üçün böyük imkanlar yaradır: “Bu ali məktəbin tələbələri burada çalışan dünya şöhrətli nüfuzlu müəllimlərdən dərs alırlar, onların elmi savadından bəhrələnirlər”.
Sonda R. Abdullayev institutun bütün kollektivini 90 illik yubiley münasibətilə təbrik edib. Onların gələcək elmi fəaliyyətinə uğurlar arzulayıb.


Mənbə: report.az