"Rostselmaş" koronavirusa görə Azərbaycanda kombaynların yığılması layihəsini dayandırıb

  • 20 May, 2020 12:09

Rusiyanın kənd təsərrüfatı texnikası istehsalçısı "Rostselmaş" şirkəti Azərbaycanda "NOVA" kombaynlarının yığılmasına dair layihənin icrasını dayandırıb.

"Finans.az"ın məlumatına görə, bu barədə "Rostselmaş"ın sahiblərindən biri Konstantin Babkin deyib.

Onun sözlərinə görə, bu qərar koronavirus pandemiyası fonunda Azərbaycanda sərt karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar qəbul edilib.

"Azərbaycan sərt karantin rejimini tətbiq etdiyindən hazırda layihə dayandırılıb. Lakin maşın dəstlərinin tədarükü ilə bağlı məsələlər aktiv şəkildə koordinasiyası olunur", - deyə K. Babkin vurğulayıb.

O həmçinin əlavə edib ki, layihə çərçivəsində bu il Azərbaycanda 150 kombaynın yığılması nəzərdə tutulurdu, lakin hazırkı vəziyyət aydınlaşanadək bütün danışıqlar dayandırılıb.

Xatırladaq ki, bu istiqamətdə əməkdaşlığa dair memorandum Azərbaycanın "Azərmaş" şirkəti "Rostselmaş" kombayn zavodu arasında ötən ilin noyabr ayında Moskvada keçirilən X Rusiya-Azərbaycan regionlararası forum çərçivəsində imzalanıb.


Mənbə: apa.az