"Raiffeisen Bank": Azərbaycanın fond bazarı Qərbi Avropa, Amerika və Asiyanın institusional investorları üçün açıq olacaq

  • 28 May, 2019 14:44

“Raiffeisen Bank International” Avstriya və Mərkəzi Şərqi Avropada qiymətli kağızlar bazarına servis dəstəyi göstərən lider banklardan biridir. Biz hazırda 19 ölkədə öz xidmətimizi təqdim edirik ki, Azərbaycan da bu ölkələrdən biridir”.

“Finans.az” xəbər verir ki, bunu “Raiffeisen Bank International”ın icraçı direktoru Atilla Salay-Berzevici (Attila Szalay-Berzeviczy) Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə imzalanan kapital bazarlarının, depozitlər və klirinq-hesablaşma əməliyyatlarının təkmilləşdirilməsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumunu şərh edərkən deyib.

Atilla Salay-Berzevicinin fikrincə, bu memorandumdan sonra Azərbaycan qiymətli kağızlar bazarı xarici sərmayədarlar üçün daha da əlçatan olacaq:

“Memoranduma əsasən, biz Azərbaycan qiymətli kağızlar bazarını xarici investorlara açmaq üçün Milli Depozit Mərkəzi (MDM) və hökümətlə çalışacağıq. İnfrastruktur arasında bağlantı qurmaq və zəruri tənzimləmə dəyişiklikləri etmək çox önəmlidir. Şübhəsiz ki, biz oxşar bazarlarda əldə etdiyimiz təcrübəni, bilgini Azərbaycanda bölüşmək imkanı əldə etdik və bunlar Azərbaycan qiymətli kağızlar bazarını Qərbi Avropa, Amerika və Asiyanın institusional investorları üçün açıq olmağa kömək edəcək”.


Mənbə: report.az