Qorunan əmanət faizləri niyə endirildi? - RƏY

  • 1 İyul, 2019 10:53
Qorunan əmanət faizləri niyə endirildi? - RƏY

Bu gündən etibarən Əmanətlərin Sığortalanması Fondu milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10 faiz, xarici valyutada isə 2,5 faiz müəyyən edib.

Bu o deməkdir ki, milli valyutada qorunan əmanətlərin faiz dərəcəsi 33 faiz azaldılıb.

"Finans.az" xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, artıq bu gündən sonra banklarda yerləşdiriləcək milli valyutada yalnız 10 faiz və daha aşağı dividend hesablanan əmanətlər qorunacaq: "Qorunan əmanət faizlərinin yuxarı həddinin azaldılması birbaşa banklarda depozitlər üzrə dividendlərin son 1 ildə aşağı düşməsi ilə bağlıdır. Hazırda aparıcı banklar manat üzrə əmanətlərə 7 faiz dividend təklif edirlər".

Ekspert Fondun son qərarından sonra bir sıra vacib məqamlara diqqət çəkib:

"Əvvəlla, əmanət faizləri azalsa da, hələ də kredit faizləri yüksək olaraq qalır. Mərkəzi Bankın məlumatına görə, kredit qoluşları 12 milyard 861 milyon, əhalinin əmanətləri isə 8 milyard 622 milyon manatdır. Bu o deməkdir ki, əmanətlər kredit portfelinin 67 faizini təşkil edir. Sadə müqayisə aparsaq, banklar kredit kimi təklif etdikləri hər 100 manatın 67 manatını vətəndaşın özündən alıb sonra yüksək faizlə digər vətəndaşımıza verirlər. Sistem əhəmiyyəti banklarda manat ilə depozitlərə 7 faiz təklif olunsa da, kredit faizləri 29 faizədək yüksəlir. Deməli, bank bir vətəndaşdan 7 faizlə əmanət cəlb edib onu üzərinə 22 faiz əlavə edərək digər vətəndaşımıza kredit kimi təklif edir. Əmanətlərin qorunan faizləri azaldıqdan sonra kredit faizlərinin aşağı salınması istiqamətində fəaliyyətin genişləndirilməsinə və ən əsası bank sektorunda rəqabətin gücləndirilməsinə ehtiyac var.

İkincisi, fondun qərarına əsasən, bu gündən etibarən banklarda yerləşdirilən və 10-dan çox faiz təklif edən əmanətlər qorunmur. Yəni, əgər vətəndaşımız 11 faizlə bankda depozit yerləşdirsə və o bank müflis olsa, o zaman onun depoziti qorunmuş hesab edilməyəcək. Buna görə də, vətəndaşlarımız əmanət yerləşdirən zaman bu halı nəzərə alsalar yaxşı olar.

Üçüncüsü, qorunan əmanətlər üzrə yuxarı həddin 10 faizədək azaldılmasına baxmayaraq əvvəlki dövrdə 10 faizdən çox 15 faizdən az olan milli valyutada olan əmanətlər müqavilə müddətində qorunmuş hesab olunacaq. Məsələn, vətəndaşımız ötən ay bankda 1 illik 14 faizlə milli valyutada əmanət yerləşdirib və bu gündən qorunan əmanətlər üzrə yuxarı hədd 10 faizədək azaldılıb. Buna baxmayaraq həmin əmanət qorunmuş hesab olunur.

Dördüncüsü, əvvəlki dövrdə milli valyutada 10 faizdən çox qorunan əmanət yerləşdirən vətəndaşımız müqavilə bitən zaman yeni müqavilə bağladıqda qorunan əmanət seçməsi vacibdir. Belə ki, müddət bitəndən sonra müqavilə əvvəlki şətlərlər uzanırsa, o zaman o əmanət qorunmayan əmanətə çevrilir. Məsələn, ötən ay 14 faizlə milli valyutada əmanət yerləşdirən vətəndaşımız 2020-ci ilin iyun ayında müqaviləni yeniləyən zaman o dövrdəki qorunan əmanət faizlərini nəzərə almalıdır ki, vəsaiti sığortalansın. Əvvəlki banklar xüsusən də “Dəmirbank” müflis olan zaman müqavilə müddəti avtomatik uzadılan bir sıra sığortalanan əmanətlərin qorunmayan əmanətə çevrilməsi praktikası var.

Beşincisi, qorunan əmanətlərin yuxarı həddinin 10 faiz olması 12 faizlik depozitdə 10 faizin sığortalanması anlamına gəlmir. Bizə olan müraciətlər də göstərir ki, bəzi hallarda bu məsələdə qeyri müəyyənliklər olur. Bütövlükdə, bu gündən etibarən bankda yerləşdirilən və 10 faizdən çox dividend təklif edən heç bir milli valyutada olan əmanənət sığortalanmayacaq. Bu baxımdan, vətəndaşlarımızın öz vəsaitlərini qorunun depozit kimi yerləşdirməsi daha məqsədəuyğundur".