Qeydiyyatsız evlər sənədləşdiriləcəkmi?

  • 20 May, 2019 10:15
Qeydiyyatsız evlər sənədləşdiriləcəkmi?

"Prezidentin sənədsiz evlərin özəlləşdirilməsi ilə bağlı problemin həll edilməsi ilə bağlı tapşırığından sonra bu məsələ ilə əlaqədar formalaşdırılmış komissiyanın fəaliyyətinin güclənməsi hiss olunur".

"Finans.az" xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Ekspertin sözlərinə görə, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2014-cü ildə sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı təkliflər paketini Azərbaycan hökumətinə təqdim etmişdi: "Təklif etdiyimiz mexanizm ilə bağlı isə son həftələr fərqli işə məsul dövlət qurumlarında görüş və müzakirələrimiz olub. Əvvəlla, bizim təkliflərimiz “Əmlak Amnistiyası”nı nəzərdə tutur. O baxımdan yaxın zamanda sənədsiz əmlaka amnistiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin yaxınlığında olan evlərdir".

İqtisadçı-ekspert Vüqar Bayramov

Təklif edirik ki, əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa, ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin.


Ekspertin sözlərinə görə, konsepsiyada daha çox Rusiyada tətbiq edilən praktikadan istifadə olunub: "Burda söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır.

Evlərin rəsmiləşdirilməsi üçün simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır.

"Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və “kupça” ilə təmin olunması prosesi başlanmalıdır. Əslində, bu prosedur dövlətin özü üçün də əhəmiyyətlidir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur. Ona görə problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdır", - deyə ekspert əlavə edib.