Prezident: "Mən qərar verdim ki, əldə edilmiş bu əlavə maliyyə resursları vətəndaşların rifah halının yaxşılaşmasına yönəlməlidir"

  • 12 Fevral, 2019 22:40
Prezident:

"Dünyada baş verən və bölgəmizdə yaşanan hadisələr diktə edir ki, biz daha səmərəli iş aparmalıyıq və şəffaflıq əsas prinsip olmalıdır".

"Finans.az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev REAL televiziyasına verdiyi müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, keçən il hazırlanan və bu il başlanan, xüsusilə iqtisadi, sosial və kənd təsərrüfatı sahələrində aparılan islahatlar imkan verir ki, biz əlavə maliyyə resursları əldə edək: "Siz bilirsiniz ki, bu yaxınlarda minimum əməkhaqqının qaldırılması ilə bağlı çox ciddi addım atılmışdır, digər sosialyönümlü addımlar atılmışdır. Biz nəyin hesabına buna nail ola bilmişik? Ona görə ki, bu ilin birinci ayında biz əlavə gəlirlər əldə etdik. Gəlirlər məhz şəffaflıq, düzgün yanaşma hesabına əldə olundu. Bu gəlirlər bizə əlavə maliyyə resurslarının yaranmasına imkan verdi. Biz bu maliyyə resursunu müxtəlif istiqamətlərə - ehtiyatların artırılmasına, infrastruktur layihələrinin icrasına yönəldə bilərdik. Amma mən qərar verdim ki, əldə edilmiş bu əlavə maliyyə resursları, ilk növbədə, vətəndaşların rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu da etdik. Güclü sosial siyasət bizim gündəliyimizdə bundan sonra da ən vacib, ən ümdə məsələlərdən biri olaraq qalacaqdır".