Prezident: “Bakı Nəqliyyat Agentliyi üçün keçən il uğurlu olub”

  • 18 Fevral, 2020 16:49
Prezident: “Bakı Nəqliyyat Agentliyi üçün keçən il uğurlu olub”

“Bakı Nəqliyyat Agentliyi keçən ili yaxşı nəticələrlə başa vurub, görülən işlərin bir hissəsi ilə mən şəxsən tanış olmuşam. Hesab edirəm ki, Agentlik üçün keçən il uğurlu olubdur. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, hələ görüləsi işlər çoxdur”.

“Finans.az” xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edən zaman deyib.

Dövlət başçısı bildirib ki, son beş il ərzində Bakıya yüzlərlə yeni avtobus gətirilib:

“Bu avtobusların hamısı dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Bu, bizim şüurlu seçimimizdir. Çünki Bakıda ən müasir texnologiyalar tətbiq edilməlidir, o cümlədən nəqliyyat vasitələrinin dünyanın ən yüksək standartlarına cavab verməsi əsas şərtlərdən biridir. Onu da bildirməliyəm ki, beş il bundan əvvəl Bakıya gətirilmiş ilk xarici istehsal olan avtobuslar, hətta o avtobusların istehsal olunduğu ölkələrdə hələ xətlərə çıxmamışdı. Yəni, ən müasir avtobuslar gətirilir. Əlbəttə ki, bu, şəhər nəqliyyatının böyük dərəcədə yaxşılaşdırılması istiqamətində çox önəmli addımdır. Mənim göstərişimlə hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılır və hər il orta hesabla 300 avtobus Bakı Nəqliyyat Agentliyinin xətti ilə şəhərimizə gətirilir. Beləliklə, biz avtobus parkını tədricən müasirləşdiririk. Eyni zamanda, mənim özəl şirkətlərə də tövsiyəm ondan ibarət idi ki, onlar da öz avtobus parklarına yenidən baxsınlar. Görürəm ki, bəzi şirkətlər bu istiqamətdə önəmli addımlar atırlar.

Avtobusların ölkəmizə gətirilməsi, əlbəttə ki, işlərin bir hissəsidir. Bütün yol-nəqliyyat infrastrukturu müasir tələblərə cavab verməlidir və bu istiqamətdə kompleks tədbirlər görülür. Yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında 27-ci yerdədir. Bu da Davos Forumunun hesabatında əksini tapıbdır.

Şəhər nəqliyyatı ilə bağlı digər tədbirlər də görülür və görüləcək”.