Polipropilen zavodunda indiyə qədər 23 min ton məhsul istehsal olunub

  • 1 Fevral, 2019 17:50
Polipropilen zavodunda indiyə qədər 23 min ton məhsul istehsal olunub

Ötən il ölkə başçısı İlham Əliyevin iştirakı ilə açılışı qeyd edilən "SOCAR Polymer" kompleksinin Polipropilen zavodunda indiyə qədər ümumilikdə 23 min ton məhsul istehsal olunub.

"Finans.az" xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

O qeyd edib ki, istehsal edilən məhsulun 12 300 tonu ixrac edilib.

SOCAR rəsmisi, həmçinin məlumat verib ki, "SOCAR Polymer" kompleksinin ikinci zavodu olan Yüksəksıxlıqlı polietilen zavodunun rəsmi açılışı yaxın zamanda nəzərdə tutulur.

Xatırladaq ki, "SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodu daxildir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Oktyabrın 5-də polipropilenin ixracına başlanılıb. İlkin olaraq 170 ton məhsul Türkiyə bazarına ixrac olunub. Məhsulun ixracını SOCAR-ın ticarət qolu - “SOCAR Trading” şirkəti həyata keçirir.