30 ildir həsir zənbil hazırlayıram, amma hələ də... - MÜSAHİBƏ

  • 17 aprel, 2019 11:18
30 ildir həsir zənbil hazırlayıram, amma hələ də...  - MÜSAHİBƏ

Bütün dünyada aktiv şəkildə plastik məmulatlardan, o cümlədən paketlərdən imtina olunur və ya istifadəsinə müxtəlif məhdudiyyətlər qoyulur. Ölkəmizdə də bu istiqamətdə görüləcək tədbirlər planı artıq hazırdır.

Plastik paketlərin alternativi kimi həm də həsirdən hazırlanan zənbillər göstərilir. Bununla əlaqədar olaraq “Finans.az” diqqətinizə Astaranın Kakalos kəndinin sakini, Kakalos Kənd Folklor Evində metodist işləyən 67 yaşlı həsir toxuyucusu Rüfət Rzayev ilə müsahibəni təqdim edir:

Nə vaxtdan bu sənətlə məşğul olursunuz?

Həsir hazırlamağı ötən əsrin 60-cı illərində anamdan öyrənmişəm. Lakin o vaxtlar zənbil düzətməyi bilmirdim və bu işi kəndimizdə yaşayan yaşlı bir kişidən öyrəndim. Bilirsiz, təqribən 30 ildir bu işlə məşğulam, amma hələ də onun qədər bilmirəm.

Həsir zənbillərin hazırlanma prosesi necə baş verir?

Qamışlar müxtəlif olur. “Püzə” həsir, “lığ” isə zənbil hazırlamaq üçün istifadə olnur. May ayında sahəyə “lığ” yığmağa gedirəm. Bu proses çox çətin və təhlükəlidir. Bu işin açıq ərazidə qızmar günəş şuaları altında olması, sahədə tez-tez ilanlara rast gəlinməsi, adamın əllərinin kəsilməsi bu işi çətin və təhlükəli edir. “lığ”ı yığandan sonra qurumağa qoyduqda diqqət yetirmək lazımdır ki, gecə elə vaxtda götürəsən ki, şeh dəyməsin. Yaşıl rəngdə olan “lığ” iki həftə quruduqdan sonra son halını alır.

Bəs bir zənbili hazırlamaq üçün neçə nəfərin köməyinə ehtiyac olur?

Bunun üçün mütləq bir neçə adamın iştirakı lazım olur. Biri onun iplərini, biri qayışlarını hazırlayır, digəri qulpun düzəldir və sair. Belə ki, təkcə qayışı hazırlamağa səhərdən başlasan günortaya kimi çəkir. Daha sonra onu girdəfason düzəldirsən ki, bu da bir neçə saat aparır. Beləliklə də, bir zənbili hazırlamaq üçün bir sutkaya qədər vaxt tələb olunur.

Bir aya təqribən neçə zənbil hazırlaya bilərsiz?

Vaxtaşırı işləsən bir aya 20-30 ədəd zənbil hazırlamaq olar. Çünki fiziki olaraq daimi çalışmaq mümkün olmur, adamın bədəni keyiyir, əlləri ağrıyır. Bu işi görmək üçün xüsusi alət və ya dəzgah olmadığından sırf əl əməyi tələb olunur.

Həsir zənbillərin satışı ilə məşğul olursunuzmu? Nə qədər gəlir gətirir?

Satışla məşğul olacağım ayrıca mağazam yoxdur. Sadəcə olaraq 3 aydan bir Masallıdakı “ABAD xidmət”in sifarişi ilə 4-5 ədəd zənbil hazırlayıram. Hər zənbilə görə 5 manat alıram, həmin vəsait isə bank hesabıma köçürülür.

Bundan başqa mütəmadi olaraq müxtəlif bölgələrdə təşkil olunan sərgilərdə iştirak edirəm. Burada həsir zənbilləri 2-7 manat arasında sata bilirəm. Bundan baha vermirəm, çünki gərək insanların gücü çatan qiymət olsun. Hər sərgidə təqribən 2-3 nəfər alıcı olur. Elə bu il Novruz bayramında Bakıda 2-3 manata 3 zənbil sata bildim.

İnsanlar həsir zənbillərdən daha çox nə üçün istifadə edirlər?

Həsir zənbilləri əsasən alış-verişdə istifadə etmək üçün alırlar. Bu cür zənbillər hava keçirdiyi üçün onda saxlanılan ərzaq xarab olmur və insanlar onların içində kartof, pomidor, yumurta və digər ərzaq məhsullarını uzun müddət saxlaya bilirlər. Plastik torbaların istehsalında zərərli maddələrdən istifadə olunduğu üçün insanlar bir neçə gün polietilen torbalarda saxlanılan məhsulu almırlar. Amma zənbildə saxlanılan ərzağı rahatlıqla ala bilirlər.

Plastik torbaları əvəz edə biləcək vasitə Avropalıların diqqət mərkıəzində - MÜSAHİBƏ

Xatırlayıram, hələ sovet dönəmində əksəriyyət əlində zənbil tutmağa xəcalət çəkirdi. İndi isə hətta ali məktəb tələbələrinin belə həsir zənbillərdən istifadə etdiyinin şahidi oluram. Xüsusən qızlar belə zənbilləri alıb üzərinə müxtəlif bəzəklər vuraraq istifadə edirlər. Bundan əlavə, bəzən xonça aparmaq üçün 10-15 ədəd zənbil sifarişi verənlər də olur.

Yağışdan qorusanız bir zənbili 3 ilə qədər istifadə etmək olur. Yox, əgər yağışa düşsə, çürüməyə başlayacaq.

Sifarişləriniz olurmu?

Sifarişlər əsasən xarici ölkələrdən olur. Əcnəbilər bu işə bizimkilərdən daha çox maraq göstərirlər. Bir dəfə İngiltərə, Fransa, Almaniya da daxil olmaqla 10 müxtəlif dövlətdən 14 nəfər əcnəbi vətəndaş mənim evimə gəlmişdi. İnternet vasitəsilə məni görüblər və həsir toxumağı öyrənmək istəyirdilər. Deyirdilər ki, onlarda zərərli olmasından dolayı mağazalarda plastik torbaların istifadəsi qadağandı. Astarada olduqları vaxt ərzində onlara müxtəlif həsir məmulatları hazırladım. Bundan başqa "lığ" verdim, özləri də hazırladılar. İndi də məlumat alıram ki, öz ölkələrində də bu işlə məşğul olurlar.

Bundan başqa İngiltərədə yaşayan bir Azərbaycanlı 400 ədəd kiçik zənbil düzəltməyimi xahiş etmişdi. O da internetlə tapmışdı məni. Avropada çay istehsalı ilə məşğul olurdu və fabriki, zavodu vardı. İstehsal etdiyi çayı mənim hazırladığım zənbillərlə qablaşdırıb satmaq istəyirdi. Lakin vaxtım və imkanlarım məhdud olduğundan razılaşmadım.

Astarada bu işlə məşğul olan başqa adamlar varmı?

İndi mənim kimi sənətkarlar az qalıb, əksəriyyəti vəfat edib. Bu sənətin yaşaması üçün onu gənc nəslin bir neçə nümayəndəsinə öyrətmişəm. Bundan sonra da öyrətməkdə davam edəcəm.

Bazarlarda zənbil və ya səbət satılan mağazalar var. Amma ordakılar mən hazırladıqlarım kimi deyillər. Əksəriyyətini xam ustalar düzəldib. Mənim əl işlərim digərlərindən fərqlənir, çünki daha keyfiyyətli “lığ”dan istifadə edirəm.

Plastik torbaları əvəz edə biləcək vasitə Avropalıların diqqət mərkıəzində - MÜSAHİBƏ